Bakıda erməni əsilli şəxslərə çıxarılan hökmlər REAL TV-də müzakirə olunub – Çingiz Qənizadə və Əhməd Şahidov danışıb


Bakıda uzun müddət davam edən məhkəmə prosesində erməni əsilli şəxslərə çıxarılan hökmlər REAL Televiziyasının “Xəbər Axşamı” proqramında geniş müzakirə olunub. Verilişin qonaqları Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə və hüquq müdafiəçisi Əhməd Şahidov olub. Müzakirədə Qarabağ münaqişəsi, 2020-ci il Vətən müharibəsindən sonra formalaşan yeni reallıqlar və məhkəmə qərarlarının siyasi-hüquqi mahiyyəti diqqət mərkəzində saxlanılıb.

Çingiz Qənizadə çıxışında bildirib ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra yalnız ərazi bütövlüyünü deyil, həm də tarixi ədaləti bərpa edib. Onun sözlərinə görə, uzun illər Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin hüquqi müstəvidə araşdırılması və cəzalandırılması yeni reallığın əsas elementidir: “Bu gün Bakıda çıxarılan məhkəmə hökmləri dövlətimizin suveren hüquqlarının təzahürüdür və beynəlxalq hüquqa tam uyğundur”.

Əhməd Şahidov isə vurğulayıb ki, sözügedən şəxslər hərbi əsir statusunda olan şəxslər deyil və onlara qarşı irəli sürülən ittihamlar sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini və terrorçuluq əməllərini əhatə edir. O bildirib ki, universal yurisdiksiya prinsipi bu cür cinayətlərin milli məhkəmələrdə baxılmasına imkan verir və Azərbaycan məhkəmələrinin qərarları hüquqi baxımdan legitimdir.

Hüquq müdafiəçisi Əhməd Şahidov əlavə edib ki, Ermənistan müxalifətinin və bəzi erməni yönümlü beynəlxalq dairələrin bu qərarlara sərt reaksiyası daha çox siyasi xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu məhkəmə prosesi ilə nümayiş etdirir ki, sülh prosesi ədalətdən yan keçə bilməz və dayanıqlı sülh yalnız hüquqi məsuliyyət və tarixi həqiqətlərin qəbul edilməsi üzərində qurula bilər.