Abu Dhabi görüşü Ermənistanda seçki öncəsi vəziyyətə və sülh prosesinə ciddi təsir göstərəcək – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Fevralın 4-də Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda sülh prosesinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüşdən dərhal sonra Ermənistanda referendumun keçiriləcəyi ilə bağlı məlumatların yayılması danışıqların İrəvanın daxili siyasi gündəminə birbaşa təsir etdiyini ortaya qoyur.

Bu mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Abu Dhabi görüşü beynəlxalq ictimaiyyətə açıq və aydın mesaj verib: “Bu görüş bütün dünyaya göstərdi ki, Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan birbaşa görüşə və razılaşmaya qadirdir. Bu, sülh prosesinin artıq yetkin və praktik mərhələyə keçdiyini nümayiş etdirir.”

Əhməd Şahidovun sözlərinə görə, görüşdən sonra Ermənistanda referendum məsələsinin gündəmə gəlməsi sülh müqaviləsinin imzalanması prosesinin sürətlənəcəyindən xəbər verir: “İrəvanın daxili siyasi qərarlarının məhz bu mərhələdə aktuallaşması onu göstərir ki, sülh sazişinin imzalanması daha real və daha yaxın perspektivə çevrilir.”