ABŞ vitse-prezidenti Ceyms Vensin fevralın 9–10-da Ermənistan və Azərbaycana etdiyi səfər REAL Televiziyasının “Xəbər Axşamı” verilişində geniş müzakirə olunub. Verilişin qonaqları siyasi şərhçi Anar Əliyev və hüquq müdafiəçisi Əhməd Şahidov olub. Verilişdə Vensin əvvəlcə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla, daha sonra Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər, eləcə də ABŞ-ın regionda artan diplomatik fəallığı diqqət mərkəzində olub.
Siyasi şərhçi Anar Əliyev çıxışında əsas diqqəti ABŞ–Azərbaycan münasibətlərinə yönəldib. O bildirib ki, Vensin Bakıya səfəri və iki ölkə arasında imzalanan strateji əməkdaşlıq sənədləri Vaşinqtonun Azərbaycanla münasibətləri yeni mərhələyə daşımaq niyyətindən xəbər verir və bu, xüsusilə enerji təhlükəsizliyi və regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Hüquq müdafiəçisi Əhməd Şahidov isə ABŞ-ın ümumilikdə Cənubi Qafqaz siyasətini şərh edib. Onun sözlərinə görə, Vaşinqton regionda daha aktiv rol almağa çalışır və bu fəallıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh prosesinə təsir göstərmək məqsədi daşıyır. Əhməd Şahidov qeyd edib ki, ABŞ bölgədə davamlı sabitliyin təmin olunmasında maraqlıdır və bunu öz strateji maraqları çərçivəsində həyata keçirməyə çalışır.
Əhməd Şahidov vurğulayıb ki, Cənubi Qafqazda sülhün əldə olunması region dövlətlərinin birbaşa marağındadır və xarici aktorların rolu yalnız bu prosesi asanlaşdırmaqdan ibarət olmalıdır. Onun fikrincə, Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar artıq beynəlxalq səviyyədə qəbul olunur və ABŞ-ın son səfəri də bu reallıqların nəzərə alındığını göstərir.







