Yaxın günlərdə ABŞ`ın vitse-prezidenti Ceyms Vensin Cənubi Qafqaza gözlənilən səfəri çərçivəsində bölgədə sülh gündəliyi və TRİPP layihəsinin sürətlənməsi məsələsi diqqət mərkəzində olacaq. Azərbaycan–Ermənistan sülh gündəliyi, Ermənistan–Rusiya münasibətləri, Rusiyanın TRİPP layihəsinə qoşulmaq istəyi, Cənubi Qafqazda maraqların toqquşması, eləcə də Azərbaycanın bütün güc mərkəzləri ilə balanslı siyasəti son dövrlər regional və beynəlxalq gündəmin əsas mövzuları sırasında yer alır. ABŞ`ın vitse-prezidenti Ceyms Vensin bölgəyə gözlənilən səfəri də bu proseslər fonunda xüsusi diqqət çəkir.
Mövzu ilə bağlı ARB24 Televiziyasının qonağı olan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ vasitəçiliyi ilə formalaşan sülh prosesi Cənubi Qafqazda sabitliyin, inkişafın və əməkdaşlığın əsasını qoyur: “Artıq Azərbaycanla Ermənistan arasında kommunikasiya və dəmir yolu xətlərinin açılması gündəmdədir. Vitse-prezident Ceyms Vensin həm Ermənistana, həm də Azərbaycana səfəri zamanı bu məsələlər ətrafında konkret müzakirələr aparılacaq”.
Əhməd Şahidov Rusiyanın TRİPP layihəsinə qoşulmaq istəyi məsələsinə də toxunaraq qeyd edib ki, bu istək başadüşüləndir, lakin real deyil: “Heç bir halda Rusiya bu layihədə iştirakçı ola bilməz. Rusiya və İran artıq bölgədə əvvəlki təsir imkanlarını itirmək üzrədir. Azərbaycan isə bütün güc mərkəzləri ilə balanslı və praqmatik siyasət apararaq regionda əsas aktor mövqeyini qoruyur”.





