ABŞ vitse-prezidenti Ceyms Vensin Cənubi Qafqaza səfəri regionda sülh prosesini sürətləndirəcək – Əhməd Şahidov ARB24 kanalına şərh edib


ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistan və Azərbaycana səfəri, Vaşinqtonun Cənubi Qafqazda artan diplomatik fəallığı və Azərbaycan–Ermənistan münasibətlərinin gələcək perspektivləri son günlərin əsas siyasi mövzularından biridir. Səfər çərçivəsində keçirilən görüşlər və verilən mesajlar regionda sülh prosesi, təhlükəsizlik arxitekturası və böyük güclərin maraqları kontekstində geniş təhlil olunur.

Mövzu ARB24 Televiziyasında da diqqət mərkəzində olub. Proqramın qonağı, siyasi şərhçi Əhməd Şahidov ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional sabitlik məsələləri Vaşinqtonun Bakı ilə əməkdaşlığa xüsusi önəm verməsinin əsas səbəblərindəndir. “Azərbaycan artıq regionda əsas söz sahibidir və ABŞ da formalaşmış yeni reallıqları nəzərə alır”, – deyə o qeyd edib.

Əhməd Şahidov eyni zamanda ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas prioritetlərdən birinin Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması olduğunu vurğulayıb. Onun fikrincə, bölgədə sabitliyin təmin olunması həm regional dövlətlərin, həm də qlobal güclərin maraqlarına cavab verir və hazırkı diplomatik fəallıq sülh sazişinin imzalanması istiqamətində əlavə impuls yarada bilər.