“Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib

Sentyabrın 19-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“Qanunun aliliyi: işgəncələrə qarşı mübarizə, ölüm cəzasının ləğvi və terrorla mübarizə” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışıb. 4 ildir ki, erməni silahlı birləşmələri tərəfindən qanunsuz olaraq, girov götürülən və davamlı işgəncələrə məruz qalan azərbaycanlı girovların səhhətində ciddi problemlərin olduğunu deyən hüquq müdafiəçisi zalda əyləşən diplomatlara və hüquq müdafiəçiələrinə müraciət edərək, bütün həqiqətləri Dilqəm Əsgərovun oğlu Kürdoğlunun dilindən eşitməyi təklif edib: “Biz dörd ildir ki, ATƏT-in bütün toplantılarında bu məsələni qaldırırıq və Ermənistana təzyiq edilməsini istəyirik. Ermənistan tərəfi hər dəfə bildirir ki, girov saxladığı şəxslər terrorçudurlar. Hamınızdan xahiş edirəm ki, yanımda əyləşən bu cavan oğlana diqqətlə baxasız. Bu oğlanın adı Kürdoğludur, onun 25 yaşı var. Hazırda erməni girovluğunda olan Dilqəm Əsgərovun oğludur. Baxın görün, bu cavan oğlan terrorçuya və ya terrorçu oğluna bənzəyirmi?! Bu oğlanın ailəsi 25 il əvvəl Kəlbəcər rayonundan məcburi köçkün düşüblər. Onların ailə üzvləri və qohumları ermənilər tərəfindən qətlə yetirilib. Bugün də erməni silahlı birləşmələri onun atası Dilqəm Əsgərovu girovluqda saxlayır və işgəncə verirlər.”

Bütün zalın qarşısında ayaq üstə dayanan Kürdoğlu Əsgərov ATƏT üzvü olan 57 ölkənin səfirlərinə və diplomatlara müraciət etdi: “Mən bura gəldim deyim ki, artıq 7 aydır atamdan heç bir xəbər yoxdur. Sonuncu dəfə Mart ayında atamdan məktub almışıq. Səhhətində ciddi problemlər var, ürəyində, başında və belində şiddətli ağrılar var. 2014-cü ildə atam Kəlbəcərdə nənəmin qəbrini ziyarət eməyə getmişdi və erməni əsgərləri tərəfindən oğurlanmışdı. O zaman atam 95 kilo idi, indi isə 45 kilodur. Bizim ailəmiz çox pis vəziyyətdədir. Biz hələ də bilmirik ki, atamı niyə həbs ediblər. Onun heç bir günahı yoxdur. Atam xəstə, yaşlı adamdır. Ailəmiz 4 ildir ki, başsız qalıb. Hər dəfə atamdan məktub alanda çox böyük stres keçiririk. Sizin hamınızın övladları var. Axşam evdə uşaqlarınızla vaxt keçirirsiz. Mən də atamı görmək istəyirəm, atamla oturub söhbət etmək istəyirəm. İstəyirəm ki, ad günümdə atam yanımda olsun. Burada çox böyük diplomatlar və səfirlər əyləşib. Qlobal məsələləri müzakirə edirsiz. Sizdən xahiş edirəm ki, atam Dilqəm Əsgərovun tezliklə azadlığa çıxmasına çalışasız. Çünki, mənim atamın heç bir günahı yoxdur. Günahsız insanların girovluqda saxlanılması doğru deyil. Və siz bunu yaxşı bilirsiniz.”

Toplantı bitdikdən sonra bir sıra ölkələrin səfirləri, diplomatlar və beynəlxalq insan haqları təşkilatlarının rəhbərləri Kürdoğlu Əsgərova yaxınlaşaraq, atası barədə ətraflı məlumat alıb və azərbaycanlı girovların hazırkı durumu ilə yaxından maraqlanıblar.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et