İSTƏDİ

Bugün vücuduma bir mələk qonub,
Qəlbim bir quş olub üçmaq istədi.
Ətrafımda olan pis insanlardan,
Başını götürüb qaçmaq istədi.

*****

Dünya niyə belə vəfasız çıxdı?!
Anamın bətnində min vədlər verdi.
Məni bu həyata gətirmək üçün,
Hələ əvvəlcədən rüşvət istədi.

*****

İnsanlarda mərhəmət də qalmayıb,
Mərhəmətli insan kitablardadır.
Həyatda sağ qalıb yaşamaq üçün
Yaxşı pisdən bir içim su istədi.

*****

İndi sevgi sanki müqavilədir,
Alınan tərəf var, alan tərəf var.
Sevdiyim bir qızla xoşbəxt olmaqçün,
Atası böyük bir başlıq istədi.

*****

Həyatda tək Haqq var, adı Allahdır,
Ondan başqa, heç kimsə haqq sayılmaz.
Bəndələri şeytandan qorumaqçün,
Rəsulu Allahdan kitab istədi.

*****

Xoşbəxtlik insanın yaşam haqqıdır,
Kimi pulla, vəzifəylə xoşbəxtdir.
Kimisi ailəni, can sağlığını,
Kim isə bir tikə çörək istədi.

*****

Mənim də həyatda çox istəyim var,
Ən böyük istəyim saf bir sevgidir.
Sevgimə qovuşub xoşbəxt olarkən,
Əzrayıl sevgimi məndən istədi.

Əhməd ŞAHİDOV
21 Yanvar 2010-cu il saat 03:12, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et