Mayın 10-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə “14-cü Cənubi Qafqaz Media Konfransı” öz işinə başlayıb. İki gün davam edən konfransda “Saxta xəbərlər, qeyri-dəqiq informasiyalar və media azadlığı” mövzusunda müzakirələr keçirilib. Cənubi Qafqaz ölkələrindən gəlmiş dövlət və hökumət nümayəndələri, media mənsubları və insan haqları təşkilatlarının iştirak etdiyi tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistanda media azadlığı və mətbuatın vəziyyəti müzakirə olunub.
Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda media azadlığı barədə danışıb, dövrü mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş yayılan saxta xəbərlər və şantaj xarakterli informasiyaların yayılma səbəblərindən və onunla mübarizə yollarından söz açıb. Ermənistanın mütəmadi olaraq, saxta məlumatlarla çirkin təbliğat apardığını xüsusi vurğulayan hüquq müdafiəçisi regionda gərginliyin artmasında rəsmi Yerevanı ittiham edib.