Əhməd Şahidov İstanbul Mədəniyyət Universitetində Xocalı soyqırımı və kəlbəcərli girovlardan danışıb

İslahatçı Gənclər İctimai Birliyinin təşkil etdiyi “Xocalıya Ədalət Həftəsi” İstanbul Mədəniyyət Universitetində növbəti konfransını keçirib

Fevralın 24-də İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə İstanbul Mədəniyyət Universitetində “Xocalıya Ədalət” konfransı keçirilib. Universitet rəhbərliyi, müəllim və tələbələrin yaxından iştirak etdiyi konfransa Azərbaycandan da qonaqlar qatılıb. Konfransı giriş sözü ilə açan İGİB sədri Fərid Şahbazlı “Xocalıya Ədalət” (“Justice For Khodjaly”) beynəlxalq kampaniyası barədə geniş məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi davamlı layihələr haqqında danışıb. Erməni vəhşiliyi haqqında məlumat verən Fərid Şahbazlı gənclərin o ağrılı günləri unutmadığını və gündəlik fəaliyyətlərində Azərbaycan həqiqətlərini yaydıqlarını qeyd edib.

Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə Azərbaycan dövlətinin Xocalı Soyqırımının bütün dünyada tanıdılması istiqamətində intensiv fəaliyyət göstərdiyini və bu siyasətin tərkib hissəsi olaraq, gənclərin də mühüm missiyanı yerinə yetirdiyini bildirib.

Konfransda geniş məruzə edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Xocalı qətliamının beynəlxalq hüquq və normativlərə əsasən Soyqırım olduğunu deyib. Xocalıların 25 illik ağrı-acısını ifadə edən ADİHİ rəhbəri bu soyqırımın digər bir ağrılı tərəfini də vurğulayaraq, bildirib ki, bu insanlıq cinayətini həyata keçirən terrorçular bugün də azadlıqdadır və Ermənistanda rəhbər vəzifələri tuturlar.

Dünyadakı mövcud ikili standartlardan söz açan hüquq müdafiəçisi Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş azərbaycanlıların taleyindən söz açıb və həmin şəxslərin azad edilməsi istiqamətində görülən işlər barədə danışıb. Erməni tərəfinin əsir və girovlarla bağlı beynəlxalq konvensiyalara əməl etmədiyini deyən Əhməd Şahidov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışıb və 2012-ci ildə erməni silahlı qüvvələri tərəfindən girov götürülən, sonradan üzərində saxta məhkəmə prosesi keçirilən bu şəxslərin hüquqlarının qorunması istiqamətində Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin atdığı addımlar haqqında söz açıb.

Konfransda çıxış edən Əməkdar artist Aybəniz Haşımova Xocalı Soyqırımını erməni vəhşiliyinin bariz nümunəsi adlandırıb və o dəhşətli günləri şəxsi həyatında da yaşadığını xüsusi vurğulayıb. Çıxışının sonunda gənclərə xitab edən Aybəniz Haşımova milli-vətənpərvərlik ruhunda əsərləri ifa edib.