Fevralın 23-də İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə İstanbul Yeni Yüzyıl Universitetində “Xocalıya Ədalət Həftəsi” çərçivəsində konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan İGİB sədri Fərid Şahbazlı Xocalı soyqırımı barədə qısa məlumat verib, erməni vəhşiliklərinin bütün dünyada tandılması istiqamətində görülən işlərdən danışıb. Daha sonra Xocalı Soyqırımı barədə qısa sənədli film nümayiş etdirilib.
Konfransda İstanbul Yeni Yüzyıl Universitetinin Mütevelli Heyeti Başkanı Dr. Azmi Ofluoğlu və rektoru Prof. Dr. Yaşar Hacısalihoğlu, Türkiyənin NTV Kanalının Xarici Xəbərlər Departamentinin rəhbəri Ahmet Yeşiltepe, Azərbaycan Milli Məclisinin deputatı Elşən Musayev, Əməkdar artist Aybəniz Haşımova və digər qonaqlar çıxış ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Xocalı Soyqırımının tanıdılması istiqamətində atılan addımlar və Qərbdəki ikili standartlar mövzusunda çıxış edib. Xristian Avropasının Türk-Müsəlman dünyasına qarşı hər zaman ikili standartlardan yanaşdığını xüsusi vurğulayan hüquq müdafiəçisi tarixi ədaləti bərpa etmək üçün güclü dövlətə, güclü orduya və güclü liderə sahib olmağın zəruri şərt olduğunu deyib. Türkiyə və Azərbaycanın regionda həlledici əhəmiyyət daşıdığını qeyd edən ADİHİ rəhbəri Əhməd Şahidov bütün Türk dünyasının birlikdə olmasını və güc mərkəzinə çevrilməsini arzulayıb.
Çıxışının sonunda Əhməd Şahidovun özünün qələmə aldığı “Mən Türkəm” şeirini səsləndirməsi zaldakı iştirakçıların alqışlarına səbəb olub.