Əhməd Şahidov ATƏT-in Varşava toplantısında məhkəmələrin müstəqil fəaliyyətindən danışıb

22-11-2016_64021-23 Noyabr 2016-cı il tarixlərində Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in “Effektiv və mükəmməl ədliyyə sistemi: məhkəmələrin müstəqilliyi və keyfiyyəti” mövzusunda üç günlük seminarı keçirilib. ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və nümayəndə heyətlərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında mövcud ədliyyə sistemləri, məhkəmələrin və hakimlərin müstəqilliyi müzakirə edilib.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Noyabrın 22-də  məhkəmələrin müstəqilliyi barədə geniş məruzə edib. Hakimlərin və prokurorluq işçilərinin müstəqilliyi haqqında danışan ADİHİ rəhbəri məhkəmələrin müstəqilliyinə mane olan məqamları sadalayıb.

Bir sıra ölkələrdə məhkəmə hakimlərinin iqtidar partiyası üzvləri olduğunu və ya müəyyən sosial təbəqəni təmsil etdiyini deyən hüquq müdafiəçisi Əhməd Şahidov yerli mətbuat orqanlarının da məhkəmələrin fəaliyyətinə təsir etməyə çalışdıqlarını, mətbuat orqanlarında silsilə məqalələr dərc etməklə hakimlərin məhkəmə proseslərində çıxaracağı qərarı dəyişməyə cəhdlər edildiyini də bildirib. Məhkəmə hakimlərinin və prokurorluq əməkdaşlarının tam müstəqil institut kimi formalaşmasının zəruriliyini vurğulayan ADİHİ rəhbəri mükəmməl ədliyyə sisteminə malik Qərb ölkələrində belə bu sahədə boşluqların olduğunu diqqətə çatdırıb.