“Azərbaycan virtual savaşda da düşməni geridə qoyur” – Əhməd Şahidov

kurdemirAvqustun 4-də Kürdəmir rayonunda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Şuşaya doğru – ShushaPost.az” layihəsinin təqdimatı keçirilib. Kürdəmir rayon gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə layihə barədə geniş məlumat verilib və gənclərin vətənpərvərlik ruhunda yetişməsində bucür layihələrin əhəmiyyəti vurğulanıb.

Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli qonaqları salamlayıb və ölkədə həyata keçirilən Gənclər Proqramı çərçivəsində Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı xüsusi layihələrin reallaşdırıldığını deyib.

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov çıxış edərək layihənin məqsədindən danışıb. İndiyə kimi bu istiqamətdə bir çox layihələrin həyata keçirildiyini deyən Səbuhi Abbasov Dağlıq Qarabağ münaqişəsi ərafında baş verən prosesləri daha sistematik şəkildə və bir neçə dildə gənclərə çatdırmaq zərurətinin yarandığını əsas tutaraq, “Şuşaya doğru – ShushaPost.az” layihəsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında elektron medianın əvəzsiz rola malik olduğunu deyib. Azərbaycanın son illər virtual məkanda düşmənlərini qabaqladığını diqqətə çatdıran Əhməd Şahidov gənclərin bu işdə aparıcı qüvvə olduqlarını da bildirib.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu Şuşa ilə bağlı ölkədə bir sıra mühüm layihələrin həyata keçirildiyini bildirib. “Şuşaya doğru – ShushaPost.az” layihəsinin virtual məkandakı əhəmiyyətini vurğulayan Cahid İsmayıloğlu gənclərin Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakının vacibliyindən danışıb.

İqtisadçı ekspert Ceyhun Musayev isə çıxışında Azərbaycan torpaqlarının işğalı zamanı ölkəmizə dəyən maddi ziyanın miqdarı barədə məlumatların beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyindən danışıb. Ceyhun Musayev həmçinin gənclərin informasiya savaşında aktivliyinin vacib olduğunu da deyib.

Layihə çərçivəsində internet mediada fəal olan bir sıra gənclərə sertifikatlar təqdim olunub.

Bu yazını Facebookda şərh et