Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Əmbərçay kəndində yaşayan köməksiz ailələri ziyarət edib
Anadangəlmə qüsurlu doğulmuş azyaşlı uşaqları olan ailələri ziyarət edən Əhməd Şahidov onların sosial təminatı ilə maraqlanıb, əlil uşaqların müalicəsi və qayğıları ilə yaxından tanış olub.
İlk olaraq, müəllim ailəsini ziyarət edən deputatlığa namizəd iki fiziki qüsurlu övladı olan ananın qayğılarını dinləyib. 16 yaşlı oğlunun ağır xəstə olduğunu bildirən ana təcili olaraq, bir əlil arabasına ehtiyacı olduğunu, övladının xaricdə müalicə edilə biləcəyini bildirib. Qızının isə gözlərinin qüsurlu olduğunu bildirən ana yerli məmurlardan heç bir köməklik görmədiyini deyib.
Daha sonra digər ailəni ziyarət edən Əhməd Şahidov 11 yaşlı oğlan uşağının xəstəliyi ilə maraqlanıb, imkansızlıq ucbatından ailənin öz övladını müalicə etdirə bilmədiyini öyrənib.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com