Ötən gun Qaxın Əlibəyli kəndində görüş keçirən deputatlığa namizəd Əhməd Şahidova kənd məktəbinin bərbad vəziyyətdə olması barədə məlumat verilib. Əlibəyli kənd məktəbini ziyarət edən Əhməd Şahidov məktəbi gəzib, sinif otaqlarına baxış keçirib və gürcü şagirdlərlə yaxından söhbət edib.
Heç bir şəraiti olmayan, sınıx-salxaq partaları olan sinif otaqlarının istilik təchizatı da yoxdur. Müəllimlərlə söhbət zamanı məlum olub ki, şagirdlər sinifdə kurtka və paltolarda əyləşir, dərs zamanı siçovullar gəzişir və normal dərs keçilməsi üçün heç bir şərait mövcud deyil.
Sinif otaqlarını bir-bir göstərən məktəbin direktoru Andro Sonaşvili yerli məmurların diqqətsizliyindən şikayət edib və Əlibəyli kənd məktəbinin ağır şəraiti barədə Əhməd Şahidova məlumat verib.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com