Əlibəyli kənd sakinləri: “Deputatımız kim olur olsun, Qaxlı olsun”

Deputatlığa namizəd Əhməd Şahidov Qaxın Əlibəyli kəndində yaşayan gürcü vətəndaşlarla görüşüb.

Oktyabrın 20-də deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Əlibəyli kəndində olub. Kəndin mərkəzində açıq havada yerli sakinlərlə görüşən Əhməd Şahidov kənd camaatının qayğıları və problemləri ilə maraqlanıb. Əlibəyli kəndinin içməli su problemini diqqətə çatdıran sakinlər daha sonra kənd orta məktəbinin bərbad vəziyyətdə olduğunu və yerli məmurların kəndin qayğıları ilə maraqlanmadığını bildiriblər.

Bu dəfəki seçkilərdə əslən Qaxdan olan namizədə səs verəcəklərini xüsusi vurğulayan Əlibəyli sakinləri hazırkı deputatın onlarla maraqlanmadığını və əlibəylilərin qayğıları ilə məşğul olmadığını, habelə yerli icra nümayəndələrinin Əlibəyli kəndinə biganə yanaşdıqlarını deyiblər.

Əlibəyli kəndini gəzən Əhməd Şahidov daha sonra kənd orta məktəbində olub, bərbad vəziyyətdə olan sinif otaqlarını gəzib və gürcü şagirdlərlə maraqlı ünsiyyət qurub.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com