Hüquq müdafiəçisi Əhməd Şahidov fars mənşəli qaraçıların yaşam tərzi və sosial qayğıları ilə maraqlanıb
Azərbaycanın şimal regionunda işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avqustun 6-da Qax rayonunda yaşayan qaraçılarla görüşüb. Əsasən Qapıçay kəndində məskunlaşan fars mənşli qaraçılar gündəlik həyatlarında maldarlıq və heyvandarlıqla məşğul olur, meşələrdən məhsul toplayır və torpaqları becərirlər.
Görüş zamanı qaraçıların sosial qayğıları ilə maraqlanan Əhməd Şahidov ayrı-ayrı evləri ziyarət edib, yaşlı insanlarla ünsiyyətdə olub və kənd cavanlarının məşğuliyyəti ilə yaxından tanış olub. Hüquq müdafiəçisi ilə görüşdə sosial qayğılarını dilə gətirən yerli qaraçılar zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evlərin bəzilərinin hələ də təmir edilmədiyini bildiriblər. Daha sonra işsizlik və gündəlik güzərandan gileylənən qaraçılar Əhməd Şahidovdan kömək istəyib, istəklərinin müvafiq dövlət qurumlarına çatdırılması üçün hüquq müdafiəçisinə müraciət ediblər.