Əhməd Şahidov ATƏT-in Media Azadlığı Konfransında Avropa mətbuatının ikili standartlarından danışıb

atet2İyun ayının 15-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə “Jurnalistlərin təhlükəsizliyi, Media azadlığı və Plüralizm” adlı iki günlük konfrans öz işinə başlayıb. ATƏT üzvü olan ölkələrin rəsmi nümayəndələrinin, habelə hüquq müdafiəçiləri və media mənsublarının qatıldığı bu beynəlxalq toplantıda araşdırmaçı jurnalistlər və onların təhlükəsizliyi, habelə konflikt zonalarında mətbuat nümayəndələrinin azadlıq məsələləri, təbliğat və plüralizm problemləri müzakirə edilib.

Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxış edib və bəzi Avropa ölkələrində, xüsusən də Almaniya, Fransa və İsveçrə mətbuatında Azərbaycan əleyhinə dərc edilən çirkin təbliğat materiallarını tənqid edib. Əhməd Şahidov həmin mətbuat orqanlarında Dağlıq Qarabağın ‘müstəqil ölkə’ kimi təqdim edilməsi hallarına rast gəlindiyini diqqətə çatdırıb və bunu Avropa ölkələrinin ikili standartlarının bariz nümunəsi adlandırıb. Daha sonra Birinci Avropa Oyunları barədə danışan ADİHİ rəhbəri Əhməd Şahidov bir sıra Avropa liderlərinin Bakıda keçirilən idman bayramına bilərəkdən qatılmamasını və paralel olaraq, bəzi Avropa mətbuatında Birinci Avropa Oyunlarını boykot etmə çağırışlarına rast gəlindiyini təəssüflə qeyd edərək, bunu Avropanın ikili standartları və qərəzi kimi qiymətləndirib.

Bu yazını Facebookda şərh et