Əhməd Şahidov Şərq Tərəfdaşlığı üzrə Riqa Sammitində iştirak edəcək

rigasammiti
ADİHİ rəhbəri: “Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamaqda maraqlı görünmür”

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən ölkə kimi Latviya May ayının 21-22-də Riqada yüksək səviyyədə sədrliyinin ən mühüm xarici-siyasi tədbirlərindən birini – “Şərq tərəfdaşlığı” (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçirəcək. Müşavirədə Aİ-nin 28 ölkəsinin və “Şərq Tərəfdaşlığı”nın altı tərəfdaş ölkəsinin yüksək vəzifəli şəxsləri, habelə Aİ təsisatlarının siyasi rəhbərliyi iştirak edəcək. Gözlənildiyinə görə, Riqa sammiti Aİ-nin xarici siyasətində Avropa qonşuluq siyasətinin tərkib hissəsi kimi “Şərq Tərəfdaşlığı” siyasətinin strateji əhəmiyyətini təsdiq edəcək. Sammitdə ŞT siyasətinin həyata keçirilməsinin aktual məsələləri və çağırışları müzakirə olunacaq, habelə yaxın illərdə Aİ-nin tərəfdaş ölkələr ilə əməkdaşlığının inkişafının əsas istiqamətləri qeyd olunacaq.

Riqa Sammitində iştirak edəcək Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovun sözlərinə görə, Riqa sammiti Aİ ilə üç tərəfdaş dövlət – Gürcüstan, Moldova və Ukrayna arasında assosiasiya haqqında saziş imzalanandan sonra birinci zirvə görüşü olacaq: ”Sammitdə assosiasiya haqqında sazişlərin icrasının ilkin yekunları qiymətləndiriləcək. Sammitdə digər üç tərəfdaş dövlət – Azərbaycan, Belarus və Ermənistan ilə əməkdaşlığa dair ŞT siyasətinin acdığı imkanların inkişafına da qiymət veriləcək. Bu tərəfdaşlardan hər biri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirən Aİ onlar ilə dialoq zamanı fərdi yanaşmanı daha çox nəzərə almağa hazır olduğunu təsdiq edəcək.”

ADİHİ rəhbəri Əhməd Şahidov əlavə etdi ki, Avropa İttifaqı rəsmiləri Riqa Sammitində iştirak üçün Azərbaycan Prezidenti İlham Əliyevə dəvətnamə göndərib və Azərbaycanın bu tədbirdə birinci şəxs qismində iştirakını arzulayırlar: ”Ölkə başçısı İlham Əliyevin Riqa Sammitində iştirakı hələ ki, öz təsdiqini tapmayıb. Zənnimcə, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamaqda maraqlı görünmür və rəsmi Bakı geo-siyasi vəziyyəti nəzərə alaraq, daha çox balanslı siyasətə üstünlük verir. Odur ki, Azərbaycan Aİ üzvü olan ölkələrlə ikitərəfli münasibətlərə daha çox önəm verir.”

Bu yazını Facebookda şərh et