ADİHİ rəhbəri Əhməd Şahidov: “Bu dəfəki müzakirələr əsasən gündəlik həyatda və biznes sahəsində insan haqlarının müdafiəsi ilə bağlıdır”
Dekabrın 1-də İsveçrənin Cenevrə şəhərində BMT-nin “Biznes və İnsan Haqları Forumu” öz işinə başlayıb. Dünyanın ən iri hüquq müdafiə təşkilatlarının, iş adamları və hüquqşünasların, habelə ictimai fəalların iştirak etdiyi bu beynəlxalq tədbirdə gündəlik həyatda insan haqlarının müdafiəsi istiqamətində müzakirələr aparılır.
Üç gün davam edəcək müzakirələrdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edir. BMT-nin İnsan Haqları Forumunun əhəmiyyətini qeyd edən ADİHİ rəhbəri Azərbaycanda 1 milyon insanın mənzil, məişət və sosial hüquqlarının pozulduğunu nəzərdə tutan məruzə ilə çıxış edəcək: “Cenevrədə keçirilən bu müzakirələrdə dünyanın 200 ölkəsindən gəlmiş rəsmi nümayəndələr, diplomatlar və hüquq müdafiəçiləri iştirak edir. Bu nüfuzlu toplantıda ADİHİ olaraq, 1 milyon qaçqınımızın sosial hüquqlarının pozulduğunu bəyan edəcək və Dağlıq Qarabağ konfliktinin siyasi tərəflərini deyil, daha çox sosial zərərlərini diqqətə çatdıracayıq. Bütün dünyaya bəyan edəcəyik ki, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyon azərbaycanlı mənzil hüququndan zorla məhrum edilib, qeyri-iradi yerdəyişməyə məruz qalıblar və bugün də onların sosial hüquqları tam bərpa olunmayıb. Erməni silahlı qüvvələrinin nəzarətində olan Azərbaycan torpaqlarında yüzlərlə mədəni-sosial abidələr, yollar və infrastruktur dağıdılıb, azərbaycanlıların həmin ərazilərdə yaşadığını xatırladan nişanələr məhv edilib.”
Toplantıda onlarla hüquq müdafiəçisi və ictimai fəalla tanış olduğunu bildirən ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycan həqiqətləri barədə əcnəbi həmkarlarını da məlumatlandırdığını bildirib.