Avstriyada işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov May ayının 5-də Fransanın ATƏT-dəki nümayəndəliyində olmuşdur. Bu ölkənin ATƏT-dəki konsulu cənab Xavier Rey ilə görüşən TURSAM rəhbəri ATƏT-in son fəaliyyəti, habelə Dağlıq Qarabağ konfliktinin həll olunması istiqamətində görülən işlərdən danışmışdır.
Görüş zamanı dünyada baş verən son hadisələr, Ukraynadakı siyasi böhran və Rusiyanın xarici siyasəti barədə maraqlı fikir mübadiləsi aparılmışdır. Fransanın və ATƏT-in Dağlıq Qarabağ konflikti barədə mövqeyini açıqlayan ATƏT rəsmisi Xavier Rey regionda sülə nail olunması istiqamətində atılan bütün addımları alqışladıqlarını demişdir.
Dağlıq Qarabağ barədə danışan TURSAM rəhbəri Azərbaycanın haqlı mövqeyini bir daha ifadə etmiş, dünyanın siyasi xəritəsi qarşısında dayanaraq, fransalı diplomata regiondakı vəziyyəti daha təfsilatı ilə izah etmişdir.
İxtisasca Cənubi Qafqaz üzrə mütəxəssis olan cənab Xavier Reyin Dağlıq Qarabağ barədə gələcək fəaliyyətində daha dolğun məlumatlara malik olması üçün ona Dağlıq Qarabağ barədə çoxdilli kitab hədiyyə edilmişdir.
Görüş zamanı TURSAM Strateji Araşdırmalar Mərkəzi ilə ATƏT arasında gələcək fəaliyyətin mexanizmləri də müzakirə edilmişdir. Görüşdə DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd də iştirak etmişdir.