Əhməd Şahidov İstanbulda keçirilən Xocalı soyqırımı tədbirində çıxış etdi – FOTO

xocali_23.02.2014_292Fevralın 23-də Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi tədbirdə çıxış edən dərnək başqanı Səfər Qaraqoyunlu bu faciənin dünyada soyqırım kimi tanınması üçün bütün qüvvələri səfərbər etməyə çağırdı. Daha sonra çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov “Xocalı həftəsi” çərçivəsində Türkiyənin müxtəlif bölgələrində 50-yə qədər tədbir keçirilməsinin planlaşdırıldığını bildirdi.

MHP İstanbul millət vəkili Atilla Kaya isə Xocalı soyqırımının baş vermə səbəblərindən danışdı. CHP İstanbul millət vəkili Ali Özgündüz isə çıxışında Xocalı soyqırmını  “XX əsrin Kərbəlası” adlandırdı. Millət vəkili Ermənistanın apardığı etnik təmizləmə siyasəti barədə də geniş məlumat verdi.

Azərbaycandan dəvət olunmuş millət vəkili Elman Məmmədov həm də Xocalı soyqırımının şahidi və yaxınlarını bu faciədə itirmiş şəxs kimi çıxış etdi.  Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək əzmində olduğunu vurğulayan deputat bu soyqırımın dünyada tanınması üçün Türk Birliyinin dəstəyinin də önəmli şərt olduğunu qeyd etdi.

Məhz həmin tədbirdə iştirak etmək üçün bir günlük Moskvadan İstanbula gələn TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidovun çıxışı isə tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Belə ki, Xocalı soyqırımının bütövlükdə Türk millətinə qarşı həyata keçirildiyini bildirən Əhməd Şahidov bu soyqırım aktına görə Ermənistanla yanaşı, Rusiyanı da qınadı və bugün rus şovinizminin əsarəti altında inləyən tatar və başqırdların, Sibirdə yaşayan Türklərin də bu zülmdən qurtulacağına inandığını bildirdi. Sonda özünün qələmə aldığı məşhur “Ben Türküm” şeirini səsləndirən Əhməd Şahidovu tədbir iştirakçıları gurultulu alqışlarla qarşıladılar.