Əhməd Şahidov Türkiyənin Süleyman Dəmirəl Universitetində çıxış etdi – FOTO

sdu_shahidovTürkiyənin İsparta şəhərində “Türkiyə-Azərbaycan münasibətləri: dünəndən bugünə” adlı konfrans keçirilib
Dekabrın 25-də Türkiyənin İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetinin Lütfü Çakmakçı Kültür Mərkəzində Türk Topluluğu və TURSAM Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilib. Türkiyə və Azərbaycanın dövlət himnləri ilə başlanan konfransda əvvəlcə Süleyman Dəmirəl Universitetinin müəllimi Doç. Dr. Timuçin Kodaman çıxış etmiş və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin tarixinə nəzər salmışdır. Əsasən XX əsr Türkiyə-Azərbaycan münasibətləri haqqında danışan Timuçin Kodaman maraqlı faktlar açıqlamışdır. Onun ardınca TRT AVAZ kanalının hazırladığı “Xocalı” adlı sənədli film izlənilmişdir.

Daha sonra TURSAM başqanı Əhməd Şahidov kürsüyə qalxmış və Türkiyə-Azərbaycan arasındakı münasibətlərin bugünkü durumu barədə tələbələrə geniş məlumat vermişdir. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə çıxışına başlayan Əhməd Şahidov Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırlamış və bu iki şəxsiyyətin qurub yaratdığı iki qardaş ölkənin bugünkü əlaqələrini yüksək qiymətləndirmişdir. Türkiyə və Azərbaycan arasındakı iqtisadi, siyasi və strateji əlaqələrlə yanaşı, tarixi, mədəni bağlılığı da xüsusi vurğulayan Əhməd Şahidov iki ölkə arasındakı bu münasibətlərin dünyada analoqu olmadığını diqqətə çatdırmışdır.

Çıxışı zamanı Bəxtiyar Vahabzadə, Ziya Gökalp və digər şairlərdən şeirlər söyləyən TURSAM başqanı Əhməd Şahidov özünün müəllifi olduğu “Ben Türküm” şeirini səsləndirmiş və tədbir iştirakçılarının coşqulu alqışlarına səbəb olmuşdur. Tədbirin sonunda Süleyman Dəmirəl Universiteti adından Əhməd Şahidova təşəkkür plaketi təqdim edilmiş və xatirə fotosu çəkilmişdir.