“Sıfır Nöqtəsi” romanı Şimali Kiprdə böyük coşqu ilə qarşılandı – FOTO

dernek292Rauf R. Denktaş və Düşüncələrini Yaşatma Dərnəyi Əhməd Şahidovun “Sıfır Nöqtəsi” romanının təqdimatını keçirdi
Gənc yazıçı Əhməd Şahidov Şimali Kiprlə bağlı qələmə aldığı “Sıfır Nöqtəsi” romanının tanıtımı ilə bağlı Şimali Kiprdə böyük coşqu ilə qarşılanıb. Noyabrın 5-də ŞKTC Prezidenti Derviş Eroğlu və Parlament sədri Sibel Sirer ilə görüşlərdən sonra axşam saat 19:00-da Mağusa şəhərində yerləşən Rauf R. Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin ofisində Rauf Denktaş sevərlərin, Kipr müharibəsi veteranlarının, Şimali Kipr ziyalılarının, habelə Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Əhməd Şahidovun “Sıfır Nöqtəsi” romanının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Rauf R. Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin başkanı Latif Akça Azərbaycan-Şimali Kipr münasibətləri barədə danışmış, gənc yazıçı Əhməd Şahidovun bu münasibətlərin inkişafındakı fəaliyyətini qeyd etmiş və “Sıfır Nöqtəsi” romanının bu fəaliyyətin bir parçası olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra çıxış edən Şimali Kiprin tanınmış tarixçi yazarı Hadice Özler Şahin “Sıfır Nöqtəsi” romanı barədə təəssüratlarını bölüşmüş və Əhməd Şahidovun əməyini yüksək qiymətləndirmişdir.

Coşqulu alqışlarla tribunaya dəvət olunan Əhməd Şahidov əvvəlcə hər kəsə minnətdarlığını bildirmiş və qələmə aldığı son romanı barədə geniş məlumat vermişdir. “Sıfır Nöqtəsi” romanının yaranma zərurəti, özünün Rauf Denktaşla ilk görüşü və Şimali Kiprlə intensiv əlaqələrindən söz açan Əhməd Şahidov romanın təkcə Şimali Kiprlə bağlı deyil, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün Türk dünyasını əhatə etdiyini diqqətə çatdırmışdır.

Tədbir zamanı ŞKTC-nin dövlət televiziyası olan BRT kanalına qısa müsahibə verən Əhməd Şahidov televiziya tamaşaçılarına da təəssüratlarını çatdırmışdır. Sonda “Sıfır Nöqtəsi” romanını Rauf Denktaş sevərlər üçün imzalayan Əhməd Şahidov tədbirə təşrif buyuran insanlarla birlikdə xatirə fotoları da çəkdirmişdir.

 

Bu yazını Facebookda şərh et