Filologiya elmləri namizədi, dosent, Sumqayıt Dövlət Universitetinin rus dili kafedrasının müdiri Ramazan Məmmədovun rəyi (azərbaycanca)

Əhməd Şair oğlu Şahidovun filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə təqdim etdiyi “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialı əsasında)” adlı dissertasiyasının avtoreferatına

 R Ə Y

Əhməd Şair oğlu Şahidovun dissertasiyası rus və Azərbaycan dillərində ikihecalı leksikanın materialları əsasında müqayisəli-tipoloji tədqiqata həsr olunub. Dərhal qeyd etmək lazımdır ki, müəllif tərəfindən nəhəng bir iş görülüb: rus dilindaki 12 283 və Azərbaycan dilindəki 10 044 ikihecalı sözün sillabik quruluşu analiz olunub.

Dissertasiyanın avtoreferatında işin ümumi səciyyəsi (səh. 3-6), tədqiqatın əsas məzmunu (səh. 6-17), dissertantın istifadə etdiyi ədəbiyyat siyahısı (səh. 17-18; 12 adda ədəbiyyat), Azərbaycan dilində xülasə (səh. 19) və ingilis dilində xülasə (səh. 20) öz əksini tapmışdır.

“İşin ümumi səciyyəsi” adlı bölmədə tədqiqat mövzusunun aktuallığı kifayət qədər ətraflı və inandırıcı şəkildə təsvir olunub, 4 bənddə dissertasiyanın məqsəd və vəzifələri əks olunub, dissertasiyanın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti göstərilib, 5 bənddə müdafiəyə çıxarılan əsas müddəalar ortaya qoyulub, istifadə olunmuş ədəbiyyatlar və işin aprobasiyası sıralanıb, o cümlədən dissertasiyanın quruluşu təsvir olunur – giriş, iki fəsil (hər bir fəsil 3 bölmədən, bölmələr isə paraqraflardan ibarətdir), nəticə və istifadə olunmuş ədəbiyyat siyahısı.

“İşin məzmunu” bölməsində dissertasiyanın ibarət olduğu hissələrin tam aydın təsviri öz əksini tapır.

Dissertasiyanın birinci fəslində dildəki hecanın əsas fonetik quruluşunu təşkil edən məsələlərdən – fonem, sintaqmatik, sillabik və aksent-ritmik strukturlardan danışılır, onların ətraflı xarakteristikası verilir; rus və Azərbaycan dillərindəki ikihecalı sözlərin başlanğıc və son hecalarının fonetik quruluşu, o cümlədən son və intervokal konsonant birləşmələr  analiz olunur,  onlardakı samitlərin kəmiyyətinə görə təsnifatı verilir.

Dissertasiyanın ikinci fəsli xarici və Azərbaycan dilçiliyindəki mövcud heca nəzəriyyələrinə həsr olunub, burada əsas heca nəzəriyyələri müzakirə olunur, tədqiq olunan dillərdəki ikihecalı leksikanın tərkibindəki hecaların quruluş növləri analiz olunur.

Xüsusilə bir məqamı qeyd etmək lazımdır ki, müəllif öz dissertasiyasında tədqiqat işinin mövzusuyla bağlı geniş spektrli problemlərə toxunur. Tədqiqat obyektinin tam əhatə olunması dissertantın böyük uğuru sayıla bilər. Bütünlükdə dissertasiyanın linqvodidaktik istiqamətini xüsusilə qeyd etmək yerinə düşər, çünki işin praktiki əhəmiyyəti şübhəsizdir.

Ümumiyyətlə, rəy verdiyimiz işin təqdimat stili də təqdirəlayiqdir – dəqiq, korrekt, aydın formul – müəllif özünün haqlı olduğuna tam əmindir, lakin bununla belə ciddidir və gərəksiz inadcıllıqdan da uzaqdır.

Müəllifin digər əsərləri kimi bu avtoreferat da yüksək səviyyədə yazılmış və dissertasiya haqqında tam dolğun məlumat verə bilir. Son olaraq, qeyd edək ki, Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» mövzusunda dissertasiyası Ali Atestasiya Komisiyasının qarşıya qoyduğu tələblərə cavab verir və onun müəllifi 10.02.03- Slavyan dilləri, 10.02.01- Azərbaycan dili indeksləri ilə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almağa tamamilə layiqdir.

Ramazan Məmmədov,

Filologiya elmləri namizədi, dosent

Sumqayıt Dövlət Universitetinin rus dili kafedrasının müdiri

Bu yazını Facebookda şərh et