Xəbər verildiyi kimi, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Sentyabr ayının 30-da qurumun plenar iclasında “Azərbaycanda prezident seçkiləri: faktlar və reallıqlar” adlı məruzə ilə çıxış etmişdir.
Çıxışı zamanı Əhməd Şahidov Azərbaycanda hələ 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət qurulduğunu toplantı iştirakçılarının diqqətinə çatdırmış və 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra ölkənin çətin duruma düşdüyünü, yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin təkrar hakimiyyətə gəlişindən sonra vəziyyətin nisbətən dəyişməyə başladığını bildirmişdir. Ötən 20 il ərzində bir-neçə dəfə seçkilər, xüsusən də prezident seçkiləri keçirildiyini diqqətə çatdıran TURSAM rəhbəri Əhməd Şahidov 2003 və 2008-ci illər Prezident seçkilərinin nəticələrini əks etdirən bukleti nümayiş etdirmiş və həmin seçkilərdə YAP-ın namizədi olan İlham Əliyevin ən yüksək nəticələr göstərdiyini qeyd etmişdir.
2013-cü il Prezident seçkiləri üzərində xüsusi dayanan Əhməd Şahidov seçki öncəsi vəziyyət barədə ətraflı məlumat vermiş, 5000 seçki məntəqəsindən 1000-də veb kameralar quraşdırıldığını, həmin məntəqələrdə keçiriləcək seçkilərin internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izlənə biləcəyini demişdir. Çıxışının sonunda yerli və beynəlxalq seçki təşkilatlarının açıqladıqları hesabatları toplantı iştirakçılarının diqqətinə çatdıran TURSAM rəhbəri hazırkı prezident İlham Əliyevin builki seçkilərin favoriti olduğunu və seçki günü səsvermə hüququna malik vətəndaşların 3/4 hissəsindən çoxunun məhz İlham Əliyevə səs verəcəklərini bildirmişdir.
TURSAM rəhbəri Əhməd Şahidovun çıxışının tam mətni burada – http://www.osce.org/odihr/106356