Rəsmi opponent olan filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlovun rəyi (azərbaycanca)

Əhməd Şair oğlu Şahidovun 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim edilən «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» (ikihecalı sözlərin materialı əsasında) adlı dissertasiyasına

 

R Ə Y

 Şahidov Əhməd Şair oğlunun “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialı əsasında)” adlı dissertasiya işi rus və Azərbaycan dillərində hecanın fonetik quruluşuna və sözün sillabik quruluşuna həsr olunmuş konkret tədqiqat əsəridir. Bu, heç şübhəsiz ki, müxtəlif sistemli dillərin ətraflı tipoloji öyrənilməsinə zəmin yaradacaq. Bundan başqa, bu tədqiqat işi azərbaycanlıların rus dilini öyrənməsində və rusların Azərbaycan dilini öyrənməsində meydana çıxan interferensiyanın araşdırılmasında çox yaxşı vəsait ola bilər.

  Ə.Şahidovun dissertasiya işi giriş, iki fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat (126 adda ədəbiyyat siyahısı) və əlavədən ibarətdir. Dissertasiyanın fəsilləri müvafiq olaraq, üç bölmədən ibarətdir ki, burada da dil materialının (rus dilində 12 283 ikihecalı söz, Azərbaycan dilində isə 10 044 ikihecalı söz) analizi nəticəsində alınmış məlumatlar ətraflı tədqiq edilir.

Dissertasiyanın birinci fəslində öz planına uyğun olaraq dissertant əvvəlcə hecanın fonetik quruluşunun təsviri məsələsinə toxunur, tədqiq edilən dillərdəki heca və sözlərin fonem, sintaqmatik, sillabik və ritmik quruluşunu analizə cəlb edir. Rus dilindəki mövcud 5 sait fonemdən çıxış edərək dissertant bu saitlərin allofonlarının realizasiyasını müəyyən edir. Halbuki, samit səslər 37 samit fonemdən 42 allofon yaradır. Müvafiq olaraq, Azərbaycan dilində saitlərin cəmi 9 allofonu və samitlərin isə 45 allofonu olur. Dissertantın fikrincə, hər bir sait bir allofonda, hər bir samit isə qalın və incə olmasına görə 2 allofonda çıxış edir. Bundan başqa, ortadil samitləri olan /к/, /ђ//ж/ yalnız bir variantda mümkündürlər ki, bu da incədir.

Daha sonra dissertasiya müəllifi hər iki dildəki ikihecalı sözlərin başlanğıc hecalarının əvvəlindəki saitlərin distribusiyasına toxunur və hər iki dildə sözün əvvəlində /ы/ samitinin mümkünsüzlüyünü qeyd edir. Samitlərə gəlincə isə rus dilində bu mənada məhdudiyyət yoxdur, lakin Azərbaycan dilində /ɣ/, yəni /ğ/ fonemi söz və fonemin anlautunda rast gəlinmir.

Qeyd etmək lazımdır ki, dissertant öz tədqiqat işində analiz olunan leksemlərin sonunda sait və samit fonemlərin realizəsi probleminə toxunur. Dissertant ayrıca olaraq, rus dilində sözün sonunda cingiltili samitlərin neytrallaşmasına və Azərbaycan dilində bu mövqedə cingiltili samitlərin karlaşmasına xüsusi diqqət yetirir.

Təddiqatda öyrənilən dillərin fonemlərinin paradiqmatika və sintaqmatikasının müzakirələrinin nəticəsi odur ki, səs səviyyəsində allofon variantlarının sayı fonem siyahısından asılıdır. Müəllifin bir fikri maraq doğurur ki, rus dilində sait fonemlər Azərbaycan dilinə nisbətən daha zəngin allofon variasiyasına malikdirlər. Əlbəttə, rus dilinin 5 sait fonemi yalnız vurğulu vəziyyətdə 20 allofonda çıxış edir ki, bu allofonlar da qonşu samitlərin incə və qalın olmasına görə bir-birindən fərqlənirlər, lakin Azərbaycan dilində 9 sait fonemin bucür variantları mövcud deyil, belə ki, Azərbaycan dilinin sait səsləri dəyişilmir. Əgər rus dilindəki 6 fonemin prizmasından yanaşsaq, onda fonem realizəsinin sayı bir qədər fərqli olar. Məsələn, vurğulu və vurğusuz saitlər ayrıca götürülsə, onda qalın samitlərdən sonra 4 (ʟа, ʟы, ʟу, ʟэ), incələrdən sonra isə 2 ( ʟы, ʟй ) allofon olar.

Daha sonra müəllif ikihecalı sözlərin fonetik quruluşunun analizinə keçir. O, dərhal qeyd edir ki, VV modeli üzrə fonem birləşmələri həm rus dili, həm də Azərbaycan dili üçün yaddır. Əksinə, KV tipli birləşmələr isə hər iki dildə daha geniş yayılıb.

Dissertant burada həm saitlərdən samitlərə, həm də samitlərdən saitlərə özünəməxsus artikulyasiya keçidlərini ətraflı analiz edir.

Azərbaycan dilində fonem birləşmələrinin fonetik xüsusiyyəti ahəngdarlıqdadır. Bunun da mahiyyəti ondadır ki, ilk hecaların saitləri bütün sözün fonetik quruluşunu təyin edir. Bildirmək lazımdır ki, bu nöqteyi-nəzərdən çıxış edərək, biz sözün ikizirvəliyi nəzəriyyəsini inkişaf etdiririk, bunlardan birincisi sözün əvvəlində, ikincisi isə son hecada yerləşir.

Azərbaycan dilində saitlərin yaranma sırası və qalxması nöqeyi-nəzərindəm homogenlik rus dilindən fərqlənir ki, burada da saitlərin keyfiyyəti qalın\incə differensial xüsusiyyətinə görə relevant olur. Açığını desək, bu fərqlər rus dilinin norma və qaydalarından kənara çıxır.

Beləliklə, dissertant birinci fəsildə yaxşı nəzəri baza hazırlayır və buna istinad edərək, daha sonra dil materialını təsvir edir. İkihecalı sözlərin fonetik quruluşunu analiz edən müəllif bəzi maraqlı nəticələrə gəlib çıxır ki, bunlar da çoxsaylı göstəricilərdə öz əksini tapmışdır. Bunlardan biri də başlanğıc hecayla bağlıdır: hər iki dildə KV tipli birləşmələr daha asan tələffüz olunur, nəinki VK. Bundan başqa, KV tip birləşmələr sayına görə də VK birləşmələrdən üstündür. Rus dilində ikiüzvlü samit birləşmələr sözün sonuna nisbətən əvvəlində daha çoxdur. Rus dilindəki ikiüzvlü samit birləşmələr sözün əvvəlində 275, sözün sonunda isə cəmi 63 dənədir. Lakin Azərbaycan dilində sözün əvvəlində 42 konsonant birləşmə (o da yalnız alınma sözlərdədir), ikihecalı sözlərin sonunda isə cəmi 51 konsonant birləşməyə rast gəlinir ki, onlardan da 49-u ikiüzvlü, 2-i isə üçüzvlüdürlər. Azərbaycan dilində intervokal vəziyyətdə  konsonant birləşmələr daha çoxdur: bu pozisiyada yalnız ikiüzvlü birləşmələr – 355, üçüzvlülər isə 158 dənədir.

Qeyd edək ki, hələ N.S.Trubetskoy 1936-cı ildə hind-avropa dillərinin quruluş xüsusiyyətlərindən danışırdı və bildirirdi ki, onlardan biri anlaut, inlaut və auslautda samitlərlə bağlıdır, məhz inlaut və auslauta nisbətən anlautda heç də az samit olmurdu.

Dissertasiyanın ikinci fəsli də çox böyük maraq kəsb edir, burada əvvəlcə müasir linqvistikada heca nəzəriyyələri barədə danışılır, sonra tədqiq edilən dillərdə heca bölgüsü prinsipləri müzakirə olunur. Burada müəllif özünü tədqiq olunan mövzunun əsl bilicisi kimi göstərmiş, əzələ gərginliyi və sonor nəzəriyyələrini konkret dil materialına mükəmməl şəkildə tətbiq edə bilmişdi. Bundan başqa, dissertant eksploziya\imploziya və optimallıq nəzəriyyələrini də analiz edir. Bu fəsildə müəllif əvvəl də dediyi fikri bir daha dəstəkləyir ki, KV hecası daha möhkəm qurulmuş bir növdür. Belə ki, heca komponentləri arasındakı əlaqə məhz bu tipdə özünü daha aydın büruzə verir ki, bu da aparılmış eksperimental-fonetik tədqiqatlarla öz təsdiqini tapır. Bütün bunlardan sonra dissertasiya müəllifi azərbaycanlı fonetistlərin heca və heca bölgüsü ilə bağlı fikirlərini analiz edir və yekun olaraq bildirir ki, bizim fonetistlər arasında heca bölgüsü ilə bağlı hələ də ortaq bir fikir formalaşmayıb.

Müəllifin maraqlı fikirlərindən biri də odur ki, rus dilində 21, Azərbaycan dilində isə 17 heca növü mövcuddur. Lakin bu heca növlərinin əksəriyyəti alınma sözlərdə qeydə alınıb. Amma sırf Azərbaycan sözlərində yalnız 6 (A.Axundov, A.Ələkbərov) və ya 7 (A.Dəmirçizadə) heca növünə rast gəlinir.

İşin sonunda dissertant Azərbaycan dilində ahəng qanununa uyğun olaraq, özünün kəmiyyət göstəricilərini nümayiş etdirir. Burada bir nəticə maraq doğurur ki, Azərbaycan dilinin 59,3 % tədqiq olunmuş ikihecalı sözləri hər iki cəhət üzrə ahəng qanununa uyğun düzülüb. O ki qaldı, damaq ahənginə, bu qanun Azərbaycan dilinin 76 % ikihecalı sözlərində riayət olunur. Bundan dərhal sonra bir cəhət üzrə riayət olunduqda digər cəhət üzrə ahəng qanununun pozulması halları sadalanır. Hər iki cəhət üzrə ahəng qanununun pozulması halları isə ikihecalı sözlərin 8,3 %-ində rast gəlinir.

Bütün bunlar bir daha sübut edir ki, Əhməd Şahidov çox böyük və dərin tədqiqat işi yerinə yetirmişdir, çox maraqlı və informativ cəhətdən sanballı dissertasiya yazmış və onu mükəmməl tamamlanmış formada mütəxəssislərin ixtiyarına buraxmışdır.

Biz belə düşünürük ki, bu tədqiqat işi dərin dil materialı əsasında yazılmış azsaylı elmi əsərlərdən biridir və buna görə də nümunəvi sayıla bilər.

Avtoreferat və müəllifin dissertasiya ilə bağlı dərc olunmuş məqalələri tədqiqat işinin əsas məzmununu tam əhatə edir.

Bununla belə işin oxunması zamanı bir sıra suallar və iradlar ortaya çıxmışdır ki, bu məsələlərlə bağlı dissertantın fikrini bilmək istərdik. Bu iradlar aşağıdakı kimidir:

1. Dissertant bəzən elə terminlərdən istifadə edir ki, həmin sözlər metadil nöqteyi nəzərindən dəqiq müəyyən olunub, lakin həmin terminlərin linqvistlər arasında istifadə olunması böyük fikir ayrılıqları yaradır. Bucür terminlərə “sistem”, “sait və samitlərin yaranma yerinə görə təsviri”, “heca siyahısı”, “orfoepik norma” və s.

2. Bizə elə gəlir ki, oxucuların mətni daha asan qavraması üçün işin sonunda qısaltmaların siyahısı verilsəydi, daha məqsədəuyğun olardı.

3. Bəzən müəllif dissertasiyanın mətnində işlərin adlarını göstərir. Zənnimizcə, bu, gərəksizdir, çünki işin sonunda istifadə olunmuş ədəbiyyatların tam siyahısı verilib. Hətta bəzi yerlərdə müəllifin adı verilir, amma iqtibas yoxdur (səh. 19).

4. Bizə elə gəlir ki, əgər müəllif Beynəlxalq fonetik əlifbanın transkripsiya sistemindən istifadə etsəydi, daha yaxşı olardı. Bu, bir çox halda transkripsiyalarda verilmiş materialların oxunmasını asanlaşdırardı. Bəzən orfoqrafiq səhvlərə də rast gəlinir (səh. 13, 18, 60, 68, 82 və s.).

Lakin bütün bu iradlar Əhməd Şahidovun ümumilikdə təqdirəlayiq hesab olunan dissertasiyasına heç bir xələl gətirmir.

Bütün deyilənlər belə hesab etməyə əsas verir ki, Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» mövzusunda dissertasiyası lazımi elmi-nəzəri səviyyədə yazılmışdır, Ali Atestasiya Komissiyasının qarşıya qoyduğu tələblərə cavab verir və onun müəllifi 10.02.03 – Slavyan dilləri, 10.02.01 – Azərbaycan dili indeksləri ilə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almağa tamamilə layiqdir.

 

Rəsmi opponent:                                      f.e.d., prof. Fəxrəddin Veysəlli

Bu yazını Facebookda şərh et