Filologiya elmləri namizədi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin böyük elmi işçisi Aytəkin Ələkbərovanın rəyi (azərbaycanca)

Əhməd Şair oğlu Şahidovun filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə təqdim etdiyi “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialı əsasında)” adlı dissertasiyasının avtoreferatına

 

R Ə Y

Əcnəbi dilin fonetik sisteminin mənimsənilməsi zamanı ortaya çıxan çətinliklər, əsasən, müəyyən fonem birləşmələrinin bir dildə mövcudluğu, digərində isə olmaması, həmçinin nitq axınında samitlərdən saitlərə yaxud əksinə, saitlərdən samitlərə artikulyasiya keçidlərinin qavranılması ilə bağlıdır. Bu nöqteyi-nəzərdən iki müxtəlif sistemli dillərdə hecanın fonetik quruluşu və sözün heca quruluşunun müqayisəli-tipoloji tədqiqi xüsusi aktuallıq kəsb edir.

Dssertasiya işi giriş, iki fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavədən ibarətdir.

Girişdə mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın obyekt və predmeti, məqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti göstərilir.

Üç bölmədən ibarət birinci fəsil “Rus və Azərbaycan dillərində ikihecalı sözlərdə hecanın fonetik quruluşu” adlanır. Birinci bölmədə rus və Azərbaycan dillərində sözün və hecanın fonem, sintaqmatik quruluşları təhlil edilir. İkinci və üçüncü bölmələrdə isə rus və Azərbaycan dillərində ikihecalı sözlərin əvvəlində və sonunda vokal-vokal, konsonant-vokal və vokal-konsonant tipli birləşmələrin, həmçinin göstərilən sözlərin tərkibində samitlərin miqdarı nəzərə alınaraq başlanğıc, intervokal və son konsonant birləşmələrin təsnifi verilmişdir.

Dissertasiyanın ikinci fəsli “Rus və Azərbaycan dillərində ikihecalı sözlərin sillabik quruluşu” adlanır. Bu fəsil də üç bölmədən ibarətdir. Burada Azərbaycan və xarici dilçilikdə mövcud heca nəzəriyyələri, rus və Azərbaycan dillərində heca bölgüsü prinsipləri, ikihecalı sözlərin struktur tipləri işıqlandırılır. Xüsusi paraqrafda Azərbaycan dilindəki ikihecalı sözlər ahəng qanununa əsasən təhlil edilir. Rus və Azərbaycan dillərinin ikihecalı sözlərində müəyyən edilmiş heca zəncirləri dissertasiyanın əlavəsində verilmiş cədvəllərdə əyani şəkildə əks olunmuşdur.

Tədqiqat işi iki müxtəlif sistemli dillərdə hecanın fonetik quruluşu və sözün sillabik quruluşunun müqayisəli tipologiyası istiqamətində gələcək araşdırmalar üçün zəmin yaradacaq.

Əhməd Şair oğlu Şahidovun 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialı əsasında)” mövzusunda dissertasiyası AAK-ın namizədlik dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verir və onun müəllifi filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

 

AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun Müasir Azərbaycan
dili şöbəsinin böyük elmi işçisi             f.e.n. Aytəkin Ələkbərova

Bu yazını Facebookda şərh et