Əhməd Şair oğlu Şahidovun 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim edilən «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» (ikihecalı sözlərin materialı əsasında) adlı dissertasiyasına
R Ə Y
Əhməd Şahidovun dissertasiyası rus və Azərbaycan dillərinin ikihecalı sözlərinin fonetik strukturunun tədqiqatına həsr olunub.
Tədqiqat işi giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Girişdə (səh. 4-12) tədqiqat işinin aktuallığı əsaslandırılır, məqsəd və vəzifələr, tədqiqat metodları təyin olunur, tədqiqatın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti göstərilir, müdafiəyə çıxarılan müddəalar sadalanır, aprobasiyadan söhbət açılır.
Mövzunun aktuallığı heç bir şübhə doğurmur. İki dilin materialları əsasında bucür tədqiqat aparmağa çox böyük ehtiyac var idi. Azərbaycanlı tələbələrin rus dilini öyrənməsi zamanı ən çətin mərhələ güclü interferensiya – doğma dilin tələffüz qaydalarının əcnəbi dilin fonetik elementlərinə nüfuz etməsiylə bağlıdır. Məsələ bir də ona görə qəlizləşir ki, rus və Azərbaycan dillərinin səs sistemi tamamilə fərqlidir, hətta bəzi məqamlarda ziddiyyət təşkil edir. Bütün bunlar göstərilən iki dilin fonetik sistemlərinin qarşılıqlı tədqiq edilməsi zərurəti yaradır. Bucür tədqiqatların müəyyən hissəsi məhz Əhməd Şahidovun dissertasiya işində öz əksini tapmışdır.
Tədqiqatın obyeкti rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşudur.
Tədqiqatın predmeti isə rus və Azərbaycan dillərində ikihecalı sözlərin əsasında hecanın fonetiк quruluşu və sözün heca quruluşunun müqayisəli – tipoloji planda öyrənilməsidir.
Girişdə tədqiqatın məqsəd və vəzifələri qeyd olunmuşdur:
1) Təqdim olunan sözlərdə müxtəlif mövqelərdə təsadüf edilən VV, VК, КV, КК modelləri üzrə sait və samitlərin allofon birləşmələrinin кonкret tiplərini müəyyənləşdirmək;
2) Rus və Azərbaycan dillərində ikihecalı sözlərin tərkibində mövcud olan heca tiplərini aşkarlamaq; sözdəki mövqelərindən asılı olaraq onların tiplərini müəyyənləşdirmək;
3) Təqdim olunan dillərdə ikihecalı sözlərdə heca zəncirlərini müəyyənləşdirmək, onların tərkibindəki səslərin miqdarından asılı olaraq təsnifatını təqdim etmək;
4) Rus və Azərbaycan dillərinin ikihecalı sözlərinin heca quruluşunda və hecanın fonetiк quruluşunda oxşar və fərqli cəhətləri aşkarlamaq.
Müdafiəyə çıxarılan müddəalar isə aşağıdakı kimidir:
1. Azərbaycan dilindən fərqli olaraq rus dilində hecanın fonetiк quruluşu daha rəngarəngdir, bunun səbəbi isə rus dilində hecanın həm əvvəlində, həm də sonunda dörd samitin yanaşı gəlməsidir, halbuki, alınma sözləri nəzərə almasaq, Azərbaycan dilinin öz sözlərində birinci hecanın əvvəlində yalnız bir samit, qalanlarında isə ən çoxu iki samit iştirak edə bilər;
2. Rus dilində, bir qayda olaraq, son hecalardan başqa qalan hecalar açıq olur, ancaq intervoкal mövqedə кonsonant birləşmələrin birinci üzvü sonor samit olarsa, əvvəlki heca qapalı ola bilir, halbuki, Azərbaycan dilində qapalı hecalar daha çoxdur, çünki istənilən intervoкal кonsonant birləşmələr hecalar arasında parçalanır;
3. Azərbaycan dilindən fərqli olaraq rus dili zəngin кonsonant quruluşu ilə fərqlənir, rus dilinə məxsus sözlər xüsusilə intervoкal vəziyyətdə daha çox zəngin кonsonant quruluşa malikdir;
4. Həm rus, həm də Azərbaycan dilində sözün bütün mövqelərində çıxış edən КV tipli birləşmələr universal səs кompleкsləri sayılırlar;
5. КV tipli birləşmələrdə samit və saitlər arasında aккomodasiya mövcuddur, lakin iki dildə bu fonetiк hadisənin istiqaməti müxtəlifdir; əgər rus dilində saitlər samitlərə aккomodasiya edirlərsə, Azərbaycan dilində əksinə, samitlər saitlərə aккomodasiya edirlər;
6. Nəzərə alsaq ki, nitq axını özlüyündə müntəzəm ardıcıllıq təşkil edir, onda iki elementin – samit və saitin – rus və Azərbaycan dilləri üçün xaraкteriк olan bu elementlərin nitqdə müxtəlif кombinasiyalarını müəyyənləşdirmək olar.
Bu müddəalar ümumilikdə düzgün tərtib olunub.
Dissertasiya iki dilin böyük fonetik materialı əsasında qurulub: tədqiqata rus dilindəki 12 000 söz və Azərbaycan dlindəki 10 000 söz – cəmi 23 000 ikihecalı söz cəlb olunmuşdur. Bu ikihecalı sözlərin fonem və sintaqmatik strukturlarının analizi fonetik müstəvidə aparılır, belə ki, dissertantın fikrincə, hecanın və ya sözün sintaqmatik strukturunun öyrənilməsi zamanı əsas maraq doğuran fonem deyil, məhz fonetik birləşmələrdir.
Tədqiqat zamanı bir-neçə metodlardan istifadə edilmişdir – təsviri, tipoloji, distributiv və statistik. Dissertasiyanın nəzəri bazasını linqvistika, o cümlədən fonetika və fonologiya ilə bağlı olan 126 adda ədəbiyyatlar təşkil edir.
Dissertasiyanın birinci fəsli ”Rus və Azərbaycan dillərində ikihecalı sözlərdə hecanın fonetik quruluşu” adlanır. Bu fəslin birinci bölməsində rus və Azərbaycan dillərində sözün fonetik quruluşunun təsviri məsələləri araşdırılır. Burada dildə hecanı təşkil edən fonem, sintaqmatiк, sillabiк və ritmiк quruluşlardan danışılır, onların təhlili verilir. Məhz bu bölmədə Torsuyevdən sitat gətirilir və dilin tipik fonetik quruluşunun xüsusiyyətlərinin əks olunduğu formul və göstəricilər sadalanır. Daha sonra tədqiq olunan dillərin materialları əsasında hər bir struktur tipinin mahiyyəti araşdırılır.
İkinci bölmə rus dilinin ikihecalı sözlərində hecanın fonetik quruluşuna həsr olunub. Bu bölmənin ayrı-ayrı paraqraflarında ardıcıl olaraq, rus dilinin ikihecalı sözlərində başlanğıc hecanın fonetik quruluşu (§ 1), rus dilinin ikihecalı sözlərində intervokal konsonant birləşmələr (§ 2), rus dilinin ikihecalı sözlərində son hecanın fonetik quruluşu (§ 3) kimi suallar işıqlandırılır. Üçüncü bölmədə də bu sxem üzrə Azərbaycan dilində ikihecalı sözlərdə hecanın fonetik quruluşu (§ 1-3) araşdırılır. Hecanın fonetik quruluşunu analiz edən dissertant bu nəticəyə gəlir ki, rus dilinin beş sait fonemi və Azərbaycan dilinin doqquz sait fonemini müqayisə etdikdə rus dilində daha zəngin allofon sistemi ortaya çıxır. Belə ki, rus dilindəki 5 sait fonem 20 allofonda realizə olunduğu halda, Azərbaycan dilindəki 9 sait fonem elə 9 allofonda realizə olunur. Bundan başqa, rus dilində 37 samit fonem 42 allofonda, Azərbaycan dilindəki 24 samit fonem isə qonşu sait fonemlərin incə və qalınlığından asılı olaraq 45 allofonda əks olunur.
Həm rus dilində, həm də Azərbaycan dilində ikihecalı sözlərin fonetik-fonem quruluşundakı səs birləşmələrinin (sait və samit) ətraflı analizi aparılır. Bütün bu çoxsaylı birləşmə növləri dəqiq statistik məlumatlarla müşayiət olunur ki, bu da dilin konkret imkanlarını ölçməyə imkan yaradır.
Dissertasiyanın ikinci fəsli rus və Azərbaycan dillərində ikihecalı sözlərin sillabik quruluşuna həsr olunub. Bu fəslin özü bir-neçə bölmədən ibarətdir. Birinci bölmədə dilçilikdəki heca nəzəriyyələrinin qısa təsnifatı verilir.
Hər şeydən əvvəl qeyd olunur ki, “fonetikanın başqa heç bir elementi heca qədər aydın və qaranlıq ola bilməz” (səh. 73). Heca anlayışı iki məsələ ilə sıx bağlıdır: 1) hecanın fonetik təbiəti və 2) heca bölgüsü prinsipləri. Bu bölmədə heca problemi ilə uzun illər məşğul olmuş alimlərin – V.K.Tredyakovskiy, F.de Sossür, L.V.Şerba, M.V.Panov və başqalarının adları çəkilir. Azərbaycan diliçiliyində isə heca məsələləri ilə A.Dəmirçizadə, A.Axundov, A.Ələkbərov və başqaları məşğul olmuşlar. Dissertant qeyd edir ki, Azərbaycan dilçilərinin fikirləri bir məsələdə kəskin parçalanır – Azərbaycan dilində hecaya bölünmə sait səslərin əsasında baş verir və hecanın əsasını yalnız sait səslər təşkil edə bilər. Nəticədə dissertant belə bir nəticəyə gəlir ki, ən çox yayılmış heca nəzəriyyələri əzələ gərginliyi və sonor nəzəriyyələrdir ki, Azərbaycan dilçiliyində də hər iki nəzəriyyədən geniş istifadə olunur.
“Rus və Azərbaycan dillərində heca bölgüsü prinsipləri” adlı bölmədə hecalanma bütün mövcud nəzəriyyələr baxımından təsvir olunur: antik nəzəriyyə, sözün əvvəlini və sonunu nəzərə alan nəzəriyyə, ekspirator nəzəriyyə, imploziya\eksploziya nəzəriyyəsi, əzələ gərginliyi nəzəriyyəsi, sonor nəzəriyyə, optimallıq nəzəriyyəsi. Eksperimental-fonetik tədqiqatların materialları əsasında hecalanmanın araşdırıldığı bölmə də maraq doğurur. Bu bölmə sonda “Azərbaycan dilində heca bölgüsü prinsipləri” ilə yekunlaşır.
İkinci fəslin üçüncü bölməsində rus və Azərbaycan dillərində ikihecalı sözlərin sillabik quruluşu tədqiq edilir. Birinci alt-bölmənin tədqiqat obyekti rus dilində ikihecalı sözlərdə hecanın sillabik quruşu, ikinci alt-bölmənin tədqiqat obyekti isə Azərbaycan dilində ikihecalı sözlərdə hecanın sillabik quruşu ilə bağlıdır.
Rus dilindəki 12 283 ikihecalı sözlərdə dissertant hecanın 21 struktur növünü ayırd edir (nəzəri cəhətdən 25 mümkün olandan), yəni seçilmiş materialların məhdud olmasına baxmayaraq, onlarda demək olar ki, hecanın bütün struktur növlərinə rast gəlinir. Hecanın struktur növü samit səslərin sayına və onların saitlərə münasibətdə yerinə görə təyin olunur. Dissertasiya müəllifinin müşahidələrinə görə, rus dilində ikihecalı sözlərdə başlanğıc hecada 1-6 səs ola bilər, son hecalar isə 1-8 ola bilir. Hecaların struktur tipləri cədvəllər vasitəsilə nümayiş etdirilir.
İkinci alt-bölmə olan “Azərbaycan dilinin ikihecalı sözlərinin sillabik quruluşu” da maraqlıdır. Hecaların struktur növlərini aşkar etmək üçün Azərbaycan dilindəki 10 044 ikihecalı söz analizə cəlb edilmişdir. 17 mümkün heca tipindən 13-ü aşkar edilmişdir. Verilən misallar da göstərir ki, onlardan yalnız 6 tipi (o, on, su, əmr, şadlıq, gənclik) sırf Azərbaycan sözlərini əhatə edir. Görünür, Azərbaycan dilinin heca xüsusiyyətləri barədə müvafiq nəticələr çıxarmaq lazım idi.
Azərbaycan dilinin ikihecalı sözlərinin səs tərkibinin sayına görə təsnifatı verilib. Cəmi 8 növ alınıb: üçsəslidən onsəsliyə qədər. İkihecalı sözlərin əsas hissəsini beş-, altı- və dördsəsli sözlər təşkil edir ki, bu da bütün seçilmiş sözlərin 92 faizini təşkil edir.
Azərbaycan dilində ikiecalı sözlərin ahəng qanunu nöqteyi-nəzərindən analizinə də xüsusi alt-bölmə həsr olunub. Əlbəttə, ilk növbədə Azərbaycan dili üçün xarakterik olan bu mühüm fonetik qanundan yan keçmək olmazdı. Ahəng qanunu haqqında bəzi nəzəri məlumatlar verildikdən sonra bütün materialların (10 044 ikihecalı söz) ahəngdarlığa görə bölünməsi baş verir: sait səslərin ahəng qanununa görə birləşməsi və ahəng qanununun pozulduğu samitlərin birləşməsi göstərilir (sahil, həyat, bina, mövzu, hüquq, dükan və s. kimi).
Nəticə (səh. 132-136) tədqiqatın əsas fikirlərini özündə cəmləşdirir.
Dissertasiya ilə bağlı bütün nəticələr yaxşı arqumentləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış və dissertantın praktiki müşahidələrindən qidalanır.
Dissertasiya barədə bizim iradlarımız aşağıdakılardır:
1. Birinci iradımız dissertasiyanın adı ilə bağlıdır: burada iki mövzu birləşdirilib – “Hecanın fonetik quruluşu” və “Sözün sillabik quruluşu”. Bizə elə gəlir ki, onlardan hər biri ayrıca mövzu kimi tədqiq edilə bilərdi. Digər tərəfdən isə dissertasiyanı bucür adlandırmaq olardı: “Hecanın fonetik quruluşu və sözün heca quruluşu”. “Sillabik quruluşu” termini mövzunu bir qədər qəlizləşdirir və onun tələffüzündə müəyyən çətinlik yaradır.
2. Girişdə vəzifələr sadalanır, lakin tədqiqatın məqsədi göstərilmir, avtoreferatda da buna rast gəlmək mümkün deyil.
3. Müdafiəyə çıxarılan müddəalarda müəyyən diqqətsizlik ifadə olunub, məsələn, dissertasiyada səkkiz bənd göstərilir, lakin ikinci bənd yoxdur. Bu, nədir? Nömrələmədə səhvə yol verilib, yoxsa ikinci bənd düşüb? Avtoreferatda isə cəmi beş bənd göstərilib.
4. Dissertasiyada müəyyən tavtalogiyalara rast gəlinir: “sait və samitlərin bir-birilə qarşılıqlı təsiri” (səh. 22), “başlanğıc hecanın əvvəlində…” (səh. 60) və s.; eyni səhifədə bucür cümlələrə rast gəlirik: “A.Dəmirçizadənin yazdığı kimi …”, “A.A.Axundovun yazdığı kimi…”. Dissertasiyanın 73 və 88-ci səhifələrində “Heca problemi əsasən iki məsələyə gətirir…” sözlərilə başlayan, yaxud 86 və 102-ci səhifələrdə “Azərbaycan dilçiləri bir məsələdə həmfikir deyillər…” sözlərilə başlayan bütöv bir abzas təkrarlanır və s. (bax səh. 87, 111, 117 və s.). Nəzəri müddəalar təkrarlanır, ayrıca nəticələr təkrarlanır.
5. Dissertasiyadakı qısaltmalar barədə də iradlarımız var: 1) qısaltmalar zamanı omonimiya meydana çıxır: ГГ birləşməsi rus dilində həm saitin saitlə birləşməsi, həm də dodaqlanan saitin dodaqlanan saitlə birləşməsi kimi başa düşülə bilər; və ya ГС – həm rus dilində sait+samit, həm də dodaqlanan+ortadil samit birləşməsi kimi başa düşülə bilər (səh. 34, 39). “Азербайджанский язык” söz birləşməsi АЯ kimi göstərilir ki, bu da heç arzuolunan deyildir. Amma “русский язык” söz birləşməsi üçün РЯ qısaltması istifadə olunmur. Niyə? Müqayisə edək: “Если в русском языке обнаружен 21 тип слога, то в АЯ выявлено всего 17 типов…” (səh. 117).
6. “Sait+sait kimi səs ardıcıllığı həm rus dili, həm də Azərbaycan dili üçün yaddır” fikrinin dəqiqləşməyə ehtiyacı var. Burada nə nəzərdə tutulur? Bəs onda rus dilindəki “ООН, оазис, радио, ау” və Azərbaycan dilindəki “saat, müəllim, müəyyən, şüur və s.” sözləri necə olsun?
7. Və nəhayət, məsləhət şəklində bir iradımız da var: konflikt, skripka, spektr, sprint və s. bu kimi alınma sözlərin analizə cəlb olunması və bu analizin nəticələri Azərbaycan dilinin heca xüsusiyyətlərini nə dərəcədə xarakterizə edə bilər? Axı bir hecada toplanan bu samitlər Azərbaycan dili üçün yaddır. Hətta türk mənşəli “stəkan” sözündə “st” samit birləşməsi olmasına baxmayaraq, orada samit birləşmə parçalanır və bu söz “istəkan” kimi tələffüz olunur.
Lakin bütün bu iradlar təqdim olunmuş dissertasiyanın ümumi səviyyəsinə xələl gətirmir. Dissertant tərəfindən nəhəng iş görülüb: nəzəri ədəbiyyat öyrənilib, kifayət qədər praktiki material – 23 000 söz analizə cəlb olunub, rus və Azərbaycan dillərindəki bütün ikihecalı sözlər tədqiq edilib, dil vəsaitinin tipoloji təsnifatı verilib və bu təsnifatın hər bir bəndi, altbəndi statistik məlumatlarla müşayiət olunub. Onların təsviri məntiqi nəticələrlə yekunlaşır.
Dissertasiyanın mətni ümumilikdə savadlı tərtib olunub, məntiqi, stilistik, orfoqrafik səhvlər minimuma çatdırılıb.
Avtoreferat və çap olunmuş əsərlər dissertasiyanın məzmununu əhatə edir ki, bu da zəruri aprobasiyadan keçmişdir. Burada ilk dəfə olaraq, iki müxtəlif dillərin materialları əsasında hecanın fonetik quruluşu və sözün heca quruluşu müqayisəli şəkildə təsvir edilib.
Bu dissertasiyanın nəzəri və praktiki əhəmiyyəti heç bir şübhə doğurmur.
İşin tənqidi analizi və qiymətləndirilməsi belə bir nəticəyə gəlməyə əsas verir: Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» mövzusunda dissertasiyası Ali Atestasiya Komisiyasının qarşıya qoyduğu tələblərə cavab verir və onun müəllifi 10.02.03 – Slavyan dilləri, 10.02.01 – Azərbaycan dili indeksləri ilə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almağa tamamilə layiqdir.
Rəsmi opponent: f.e.d., prof. Təvəkkül Şükürbəyli