Paytaxt Lefkoşanın mərkəzində 300 nəfərin iştirakı ilə baş tutan yürüş mitinqə TURSAM da dəstək verdi
Xəbər verildiyi kimi, Fevralın 23-də Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərinin mərkəzində Azərbaycan, Türkiyə və Şimali Kipr diaspor təşkilatları, dərnək və cəmiyyətlərinin təşkilatçılığı ilə “Xocalıya Ədalət” adlı yürüş mitinq keçirilmişdir. 30-a yaxın təşkilatın iştirak etdiyi və dəstəklədiyi yürüşdə TURSAM Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti də yaxından iştirak etmişdir.
Yürüşdə iştirak edən TURSAM rəhbəri Əhməd Şahidovun sözlərinə görə, paytaxt Lefkoşa şəhərinin mərkəzində yerləşən Türk Şəhidləri Abidəsinə tərəf hərəkət edən yüzlərlə azərbaycanlı gənc “Soyqırımı ermənilər edib, türklər deyil”, “Hamımız Türk, hamımız Xocalılıyıq”, “Xocalıya Ədalət”, “Unutmadıq, unutdurmayacayıq” kimi şüarlarla Şəhidlər abidəsinin qarşınına toplaşıblar: “Təqribən 300 nəfərin iştirak etdiyi bu yürüş mitinqində Şimali Kiprin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, habelə burada çalışan azərbaycanlı müəllimlər iştirak edirdi. Əllərində Azərbaycan, Türkiyə və Şimali Kipr bayraqları tutan aksiya iştirakçıları Xocalı ilə bağlı şüarlar səsləndirdilər. Daha sonra ayrı-ayrı şəxslər, habelə Şimali Kiprin maliyyə naziri Ersin Tatar çıxış etdi. Türkiyə və Azərbaycanın dövlət himnləri ayaqüstə oxundu. TURSAM olaraq, biz də Xocalı ilə bağlı şüarlar və fotolarla aksiyada yaxından iştirak etdik”.
Şimali Kipr Türk Cümhuriyyətinə səfərinin əsas məqsədinin “Xocalıya Ədalət” kampaniyası çərçivəsində ŞKTC Parlamentində millət vəkillərinin və mətbuatının iştirakı ilə Xocalı sərgisi keçirmək olduğunu bildirən Əhməd Şahidov nəzərdə tutulan bu tədbirin Fevralın 25-də ŞKTC Cümhuriyyət Məclisinin binasında baş tutacağını söylədi.
TURSAM Mətbuat Xidməti