Elmi rəhbər olan filologiya elmləri doktoru, professor Atamoğlan Həsənovun rəyi (azərbaycanca)

Şahidov Əhməd Şair oğlunun filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialı  əsasında)”  mövzusunda dissertasiya işi (ixtisas  10.02.03 – Slavyan dilləri,   10.02.01 – Azərbaycan dili) haqqında

R Ə Y

Məlumdur ki, xarici dillərin öyrənilməsinin metodikası çox hallarda ana dili ilə öyrənilən dilin müqayisəli tədqiqinə və ikidillilik və çoxdilliliyin yaratdığı interferensiyanın tədqiqinə əsaslanır. Dillərin, o cümlədən Azərbaycan və rus dillərinin tipoloji, müqayisəli və kontrastiv öyrənilməsi çox xeyirli ola bilər, çünki belə halda nəinki öyrənilən əcnəbi dilin, hətta ana dilinin elə xüsusiyyətləri meydana çıxır ki, onlar dillərin təcrid olunmuş halda öyrənilməsi zamanı gözə çarpmır.

Dilçilikdə elə bir sahə yoxdur ki, orada müqayisəli metodikadan istifadə olunmasın, çünki dillərin müqayisəli şəkildə öyrənilməsi dilin təhlilinin daha da dərinləşməsinə və onun quruluşunun daha yaxşı dərk edilməsinə kömək edir. Dilin quruluşu belə halda daha aydın olur.

Bu səbəbdən Şahidov Əhməd Şair oğlunun iki müxtəlif sistemli dillərdə – rus və Azərbaycan dillərində hecanın fonetik quruluşunun və sözün sillabik quruluşunun müqayisəli tədqiqi probleminə müraciət etməsini ancaq alqışlamaq olar, çünki bu cür tədqiqat rus və Azərbaycan dillərinin fonetik quruluşundakı eynilik və müxtəliflikləri axtarıb tapmaqla yanaşı, həm də hər iki dilin fonetik sistemlərinə ayrı-ayrılıqda nəzər salmağa imkan yaradır.

Müasir dilçiliyin aktual problemləri sırasında dil əlaqələri problemini, o cümlədən rus və Azərbaycan dillərinin əlaqə problemini göstərmək olar. Ona görə də bu iki dilin dərin və çoxtərəfli müqayisəli tədqiqinə böyük ehtiyac vardır. Bu mənada Ə.Ş.Şahidovun dissertasiya işi rus dilinin Azərbaycan auditoriyasında, Azərbaycan dilinin isə rus auditoriyasında tədrisi zamanı effektli metodların və üsulların tapılması və onların təkmilləşdirilməsi sahəsində linqvistik əsas ola bilər.     

Hamı tərəfindən qəbul edilmiş fikir ondan ibarətdir ki, fonemlər nitq axınında bir biri ilə əlaqəyə girərək müəyyən dəyişikliklərə məruz qalırlar. Bu dəyişikliklər ilk növbədə söz və heca tərkibində baş verir. Ona görə də Ə.Şahidovun hecanın fonetik quruluşunun və sözün heca quruluşunun öyrənilməsinə həsr etdiyi dissertasiya işi böyük əhəmiyyət kəsb edir.

Dissertasiyanın quruluşu qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq tərtib edilmiş və giriş, iki fəsil, nəticə və istifadə edilmuş ədəbiyyat siyahısından ibarətdir. Dissertasiyanın sonunda rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşuna həsr olunmuş sxemlər və cədvəllərdən ibarət əlavə verilmişdir.

Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı əsaslandırılmış, məqsəd və vəzifələr, tədqiqatın metodları müəyyən edilmiş, onun yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, müdafiəyə irəli sürülən müddəalar göstərilmişdir.

Ümumi fikir ondan ibarətdir ki, sözün hecalara bölünməsi bütün dünya dillərinə aid olan bir xüsusiyyətdir. Mütəxəssislərin qeyd etdiklərinə görə, hər dildə özünəməxsus heca quruluşunun, hecaların tiplərinin və onların növlərinin, heca bölgüsü qaydalarının, xüsusilə sözün morfoloji quruluşunun və vurğunun növü ilə bağlı olan qaydaların müxtəlif dillərdə müxtəlif olmasına baxmayaraq, heca bölgüsünün artikulyator vasitələri universaldır. Ona görə rus dilində hecanın quruluşunu Azərbaycan dilində olan heca quruluşu ilə müqayisəsi məqsədəuyğundur. Belə müqayisənin bəlli olan ümumnəzəri əhəmiyyətindən başqa həmçinin azərbaycanlıların rus tələffüzünün və rusların azərbaycan tələffüzünün öyrənilməsində praktiki əhəmiyyəti vardır.

Ə.Şahidovun tədqiqatının məqsədi rus və Azərbaycan dillərinin ikihecalı sözlərinin materialı əsasında bu sözlərdə rast gəlinən hecaların fonetik quruluşunu və sözlərdəki heca tiplərini müəyyənləşdirmək, aşkar olunmuş hecaların tərkibindəki VV, VK, KV KK modelləri əsasında sait və samitlərin birləşmələrinin tiplərini müəyyən etmək, onların sözün müxtəlif mövqelərində realizə olunmalarını göstərmək, heca tiplərini və onların növlərini müəyyənləşdirməklə tərkiblərindəki səslərin sayına görə təsvir etmək, başlanğıc və sonuncu hecaların oxşar və müxtəlif cəhətlərini tapmaq, həmin sözlərdəki heca zəncirlərini qruplaşdırmaqdır.

Tədqiqata rus və Azərbaycan dili lüğətlərindən götürülmüş 12283 rus ikihecalı söz və 10044 azərbaycan ikihecalı söz cəlb olunmuşdur.

Dissertasiyanın maraqlı cəhəti ondan ibarətdir ki, burada fonemlər deyil, onların allofonları tədqiq olunur. Dilçilikdə müxtəlif fonem nəzəriyyələri olduğundan sözlərin fonem tərkibinin təyin edilməsi də müxtəlifdir, allofonların təyin edilməsində isə belə müxtəliflik yoxdur. Məs., труд [трут] sözündə sonda hansı fonemin olması mübahisəlidirsə, fonetik səviyyədə həmin səsin necə adlandırılmasından asılı olmayaraq (variant, variasiya, çalarlıq, arxifonem, allofon və i.a.), onu hamı [т] allofonu kimi qəbul edir.

Tədqiqat işinin yeniliyi ondan ibarətdir ki, burada birinci dəfə olaraq rus və Azərbaycan dillərinin ikihecalı sözlərinin materialı əsasında bu iki dildə həmin sözlərdə olan hecaların fonetik quruluşu və heca tipləri, onların samitlərin sayına və onların qalınlıq və incəlik əlamətlərinə görə növləri və müxtəlif tipli başlanqıc və son hecaların birləşməsindən əmələ gələn heca zəncirləri müəyyənləşdirilərək təsvir olunur. İlk dəfə olaraq bu tədqiqat işində vokal+konsonant  və konsonant+konsonant birləşmələri hər iki dildə müqayisəli şəkildə fonetik səviyyədə səslərin əmələgəlmə yerinə və qalınlıq-incəlik əlamətinə görə təsvir edilir, həmin birləşmələrin sözün əvvəli, ortası və sonu nəzərə alınmaqla yerləşməsi aydınlaşdırılır.

Dissertasiyanın birinci fəsli rus və Azərbaycan dillərində hecanın fonetik quruluşunun təhlilinə həsr edilmişdir. Bu fəsil üç bölmədən ibarətdir. Birinci bölmədə dildə sözün fonetik quruluşunu təşkil edən tərkib hissələrdən – fonem, sillabik, sintaqmatik və aksent-ritmik quruluşlardan danışılır, onları səciyyələndirən fonetik xüsusiyyətlərin işıqlandırılmasına geniş yer verilir.

Dissertasiyada düzgün olaraq göstərilir ki, səslərin birləşmə zamanı bir birinə təsiri labüddür, lakin bu təsirin istiqaməti həmin birləşmələrin tipindən və sözlərdə tutduqları mövqedən asılı olur. Bundan əlavə səslərin bir birinə təsiri müxtəlif dillərdə müxtəlif cür baş verir. Məlumdur ki, rus və Azərbaycan dillərinin fonoloji sistemlərində qalınlıq (sərtlik) və incəlik (yumşaqlıq) əlaməti vardır, lakin bu əlamət diferensial, fərqləndirici əlamət kimi rus dilində samitlərə, Azərbaycan dilində saitlərə məxsusdur. Bu səbəbdən vokal-konsonant birləşmələrində bu səslərin təsir istiqaməti rus və Azərbaycan dillərində müxtəlifdir: rus dilində samitlər saitlərə təsir edir (samitlərin qalınlıq-incəlik əlamətinin təsiri altında saitlərin əmələgəlmə sırası dəyişir), Azərbaycan dilində, əksinə, saitlər samitlərə təsir edir (saitlərin ön sıra, yaxud arxa sıra olmalarndan asılı olaraq samitlər dəyişərək mövqedən asılı olan qalınlıq, yaxud incəlik əlaməti qazanırlar).

Bu fəslin qalan iki bölməsində rus və Azərbaycan dillərinin ikihecalı sözlərinin materialı əsasında hecanın fonetik quruluşu təhlil olunur. Aparılmış təhlil əsasında dissertasiyanın müəllifi çox maraqlı nəticələr əldə etmişdir. Hər iki dildə başlanğıc və sonuncu hecaların tərkibində VV, VK, KV, KK tipli səs birləşmələri ayrılır. Göstərilir ki, VV tipli səs birləşmələri hər iki dil üçün səciyyəvi deyil, onlar çox az miqdarda və əsas etibarilə alınma sözlərdə, yaxud morfem sərhədində olurlar. Hər iki dildə çoxlu miqdarda KV (konsonant+vokal) və VK (vokal+konsonant) tipli səs birləşmələri vardır. Sözün əvvəlində hər iki dildə [ы] – [ı] saitləri, Azərbaycan dilində isə [ğ] samiti yoxdur. Sözün sonunda rus dilində incə [к’, г’, х’] samitləri işlənmir və cingiltili samitlər karlaşır. Azərbaycan dilində isə təkhecalı olmayan sözlərin sonunda cingiltili samitlər karlaşır.

Rus dilində çoxlu miqdarda ikiüzvlü konsonant birləşmələr vardır, belə birləşmələr Azərbaycan dilində də müşahidə olunur. Bundan başqa hər iki dildə üçüzvlü konsonant birləşmələr vardır. Müxtəlif cəhət həmin birləşmələrin miqdarında və sözlərin mövqelərində işlənməsindədir: rus dilində belə birləşmələr Azərbaycan dilinə nisbətən daha çoxdur. Rus dilindən fərqli olaraq Azərbaycan dilinin öz sözlərində başlanğıc mövqedə konsonant birləşmə ümumiyyətlə yoxdur. İntervokal vəziyyətə gəldikdə demək lazımdır ki, bu mövqedə hər iki dildə çoxlu miqdarda ikiüzvlü və üçüzvlü samit birləşmələri müşahidə olunur.

Dissertasiyada bütün aşkar edilmiş VV, VK, KV, KK (həmçinin KKK KKKK) birləşmələri statistik nöqteyi-nəzərdən səciyyələndirilmişdir.

Dissertasiyanın ikinci fəslində dilçilikdə, o cümlədən rus və azərbaycan dilçiliyində heca nəzəriyyəsi və heca bölgüsü məsələləri işıqlandırılır. Müəllif dissertasiyada antik dövrdən başlamış indiki zamana qədər dilçilikdə məlum olan heca nəzəriyyələrini geniş təhlil edir, mövcud olan heca nəzəriyyələrinə uyğun olaraq hər iki dildə heca bölgüsü prinsiplərini nəzərədən keçirir. Tədqiqat işində düzgün olaraq göstərilir ki, müasir eksperimental-fonetik tədqiqatlara əsasən rus dilində demək olar ki, qapalı heca yoxdur. İntervokal mövqedə bütün konsonant birləşmələr sonrakı hecaya qovuşur və buna görə də axırıncı hecadan başqa qalan hecalar açıq olur. Azərbaycan dilçiliyində heca bölgüsü məsələlərində həm əzələ gərginliyi nəzəriyyəsinin, həm də sonor nəzəriyyəsinin prinsipləri əsas götürülür. Dissertasiyanın müəllifinin fikri ilə razılaşmalıyıq ki, Azərbaycan dilində heca bölgüsü məsələsində sözün konsonant başlanqıcının xarakteri də nəzərə alınır, belə ki, Azərbaycan dilinin öz sözləri ya sait, yaxud ancaq bir samitlə başlaya bilər; bu fonetik qanunun tələbi ilə söz əvvəlində iki samit birləşməsi olmadığından, bütün hecalar bir samitlə başlaya bilər. Ona görə də Azərbaycan dilində bütün hecalar əsas etibarilə bir samitlə başlayır və samit, yaxud saitlə qurtarır; saitlə ancaq sözün birinci hecası başlaya bilər. Bu səbəbdən rus dilində sonuncu hecadan başqa bütün qalan hecalar açıq olursa, Azərbaycan dilində hecalar əsasən örtülü-qapalı olur, çünki intervokal konsonant birləşmələr Azərbaycan dilində mütləq iki heca arasında bölünür, belə konsonant birləşmələrin axırıncı samiti həmişə özündən sonra gələn hecaya, həmin samitdən əvvəl gələn samit (və ya samitlər) isə əvvəlki hecaya qovuşur.

Rus və Azərbaycan dillərindəki ikihecalı sözlərin heca quruluşunun təhlili göstərir ki, rus dilinin ikihecalı sözlərinin heca quruluşu Azərbaycan dilinə nisbətən öz müxtəlifliyi ilə fərqlənir, bu da onunla izah olunur ki, rus dilində həm sözün əvvəlində, həm də sözün sonunda dördə qədər üzvü ola bilən samit birləşmələri işlənir, söz ortasında isə dörd və hətta beş samitdən ibarət birləşmələr  işləndiyi üçün rus dilinin hecaları mövqedən asılı olmayaraq çoxüzvlü samit birləşmələri ilə başlaya bilirlər. Təhlil göstərir ki, rus dilində mümkün olan 21 heca tipindən 20-si ikihecalı sözlərin sonuncu heca mövqeində rast gəlinirsə, ancaq 12-si başlanğıc heca mövqeində rast gəlinir. Bu da yenə onunla izah olunur ki, axırıncı hecadan başqa qalan hecalar rus dilində əsas etibarilə açıq olurlar (KV, KKV, KKKV KKKKV tipli hecalar), əgər onların tərkibində qapalı heca olursa, onlar ancaq bir, yaxud çox az halda iki sonor samitlə qurtara bilirlər, axırıncı hecaların  isə nəinki əvvəlində, həmçinin sonunda dördə qədər üzvü olan samit birləşmələri ola bilir.

Azərbaycan dilinin öz sözlərində 6 heca tipi işlənirsə, alınma sözlər nəzərə alınmaqla 17 heca tipi müəyyənləşdirilmişdir: mümkün olan 17 heca tipindən isə ikihecalı sözlərin tərkibində cəmi 13 heca tipinə rast gəlinir. Bu səbəbdən rus və Azərbaycan dillərinin ikihecalı sözlərində olan başlanğıc və sonuncu hecaların birləşməsi nəticəsində yaranan heca zəncirlərinin sayı da müxtəlifdir, rus dilində belə heca zəncirləri daha zəngindir: Azərbaycan dilində cəmi 65 heca zəncirinə rast gəlinirsə, rus dilində 102 heca zənciri tapılmışdır. Bütün bu deyilənlər dissertasiyanın əsas mətnində və sonunda verilmiş əlavədə sxem və cədvəllərdə öz əksini tapmışdır.

Ə.Şahidov Azərbaycan dilində ahəng qanununun geniş işlənməsini nəzərə almış və bu qanuna ikihecalı sözlərdə nə dərəcədə riayət olunmasını yoxlamaq üçün onları bu nöqteyi-nəzərdən təhlil etmişdir. Təhlil göstərmişdir ki, Azərbaycan dilində ahəng qanununa (sinqarmonizmə) ümumilikdə riayət edilir: 10044 ikihecalı sözdən 7060-da, yaxud 76 %-də sözlər bu qanunun tələblərinə uyğun təşkil olunmuşlar. Əyər bu qanunun tələblərinə riayət olunmursa, bu bir qanuna görə – ya damağ ahənginə, ya dodaq ahənginə görə pozulur. Hər iki qanunun pozulması halları ancaq 8 %-dən bir qədər çox sözlərdə baş verir. O da qeyd olunur ki, ahəng qanununun pozulması halları əsasən alınma sözlərdə özünü göstərir.

Dissertasiyanın son hissəsində tədqiqatın əsas nəticələri ümumiləşdirilmiş halda verilmişdir.

Ə.Şahidovun dissertasiyası həm dərin nəzəri, həm də praktiki əhəmiyyəti olan elmi-tədqiqat işidir. Onun nəticələrinin rus fonetikasının azərbaycan auditoriyasında, azərbaycan fonetikasının rus auditoriyasında tədris olunmasında böyük əhəmiyyəti ola bilər. Tədqiqatın nəticələri ali məktəblərdə rus və Azərbaycan fonetikası üzrə xüsusi kursların hazırlanmasında, ümumi dilçilik, müqayisəli fonetika və fonologiya kurslarının hazırlanmasında, rus və Azərbaycan dillərində bu sahədə dərslik və dərs vəsaitlərinin, rus və Azərbaycan dillərinin tələffüz lüğətlərinin hazırlanmasında böyük rol oynaya bilər.

Ə.Şahidovun tədqiqat işi bütövlükdə yüksək elmi səviyyədə yazılmışdır, tədqiqatçı öz qarşısına qoyduğu məqsəd və vəzifələri şox böyük ustalıqla yerinə yetirmişdir.

Bütün bu deyilənlər onu göstərir ki, Əhməd Şair oğlu Şahidovun filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialı əsasında)” adlı dissertasiya işi Ali Attestasiya Komissiyasının qarşıya qoyduğu bütün tələblərə cavab verir və buna görə də dissertasiyanın müəllifi Şahidov Əhməd Şair oğlu filologiya elmləri namizədi alimlik dərəcəsi almağa layiqdir.

Elmi rəhbər – f.e.d., prof. Atamoğlan HƏSƏNOV

Bu yazını Facebookda şərh et