Şimali Kiprdə işgüzar səfərdə olan şair və yazar, fəlsəfə doktoru Əhməd Şahidov ŞKTC Prezidenti Derviş Eroğlu ilə görüşmüşdür
Xəbər verildiyi kimi, 19 Dekabr tarixindən Türkiyədə işgüzar səfərdə olan şair və yazar, fəlsəfə doktoru Əhməd Şahidov daha sonra Şimali Kiprə səfər etmiş və burada bir sıra görüşlər keçirmişdir. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəvəti ilə reallaşan səfər çərçivəsində Əhməd Şahidov ŞKTC Prezidenti Dr. Derviş Eroğlu ilə görüşmüşdür. Görüş zamanı Şimali Kiprin dünyaya tanıdılması, Azərbaycan-Şimali Kipr qarşılıqlı münasibətləri, azərbaycanlı tələbələrin Şimali Kiprdə təhsili və iki ölkə yazarlarının fikir mübadiləsi məsələləri müzakirə olunmuşdur. Qəbula görə ölkə başçısına minnətdarlığını bildirən yazar Əhməd Şahidov öz fəaliyyəti barədə məlumat vermiş, əsasən ədəbiyyat sahəsində Şimali Kipr yazarları ilə əməkdaşlıqda maraqlı olduğunu dilə gətirmişdir. Şimali Kiprin Azərbaycan cəmiyyətinə, oxucularına daha yaxından tanıdılması məqsədilə ədəbiyyatın, mədəniyyətin rolunu xüsusi vurğulayan Əhməd Şahidov Şimali Kiprdə fəaliyyət göstərən ədəbiyyatçıların bədii əsərlərinin Azərbaycanda yayılmasını məqsədəuyğun hesab etmişdir.
ŞKTC Prezidenti Derviş Eroğlu bu təklifi yüksək qiymətləndirdiyini qeyd etmiş və ölkələrin siyasi yaxınlaşmasının olmamasına baxmayaraq, xalqların hər zaman birlikdə olmalarını qeyd etmiş, təhsil, mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir. Ədəbiyyat sahəsində də qarşılıqlı ədəbiyyat günlərinin keçirilməsini, hər iki ölkənin yazarlarının qarşılıqlı səfərlər etməsini əsas hədəfə nail olmaqçün vacib sayan Derviş Eroğlu bu istiqamətdə gənclərdən daha çox şey gözlədiklərini ifadə etmişdir.
Azərbaycanlı yazar Əhməd Şahidov Azərbaycan həqiqətlərini özündə əks etdirən və üç dildə dərc edilmiş “Erməni terroru” və “Qarabağ” kitablarını ŞKTC Prezidentinə təqdim etmiş və adadakı türk əsilli vətəndaşlara qarşı edilən haqsızlıqları əks etdirən ədəbiyyatların da Azərbaycanda tanıdılması və Azərbaycan oxucusunun Şimali Kipr barədə daha dolğun məlumat əldə edə bilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.
Sonda Şimali Kipr Prezidentinə gələcək planları barədə məlumat verən azərbaycanlı yazar növbəti romanının Şimali Kipr barədə olacağını bildirmiş və “Sevdiyim qadın” romanını, habelə digər iki şeirlər kitabını Derviş Eroğluya hədiyyə etmişdir.
Shahidov.com