Fəlsəfə doktoru Əhməd Şahidov Şimali Kiprdə təşkil olunan İkinci “Kıbrıs Türk Milli Mücadelesi ve bu mücadelede TMT-nin Yeri” adlı beynəlxalq sempozyumda çıxış edəcək
Xəbər verildiyi kimi, 1-4 Noyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində Kipr Türk Mücahidlər Dərnəyi və Türk Müqavimət Təşkilatının birgə təşkil etdiyi İkinci Beynəlxalq “Kıbrıs Türk Milli Mücadelesi ve bu Mücadelede TMT-nin Yeri” sempozyumu keçiriləcək. Doğu Akdeniz Üniversitesi, Yakın Doğu Üniversitesi, Ortadoğu Teknik Üniversitesi Kuzey Kıbrıs Kampusu, Lefke Avrupa Üniversitesi, Uluslararası Kıbrıs Üniversitesi ve Girne Amerikan Üniversitesinin töhfələri və işbirliyilə düzənlənəcək bu sempozyum ŞKTC-nin bütün şəhərlərində təşkil olunacaq.
Sempozyumun təşkilatçılarından olan Kipr Türk Mücahidlər Dərnəyinin başqanı Vural Türkmən sempozyumun tarix, coğrafiya, iqtisadiyyat, hüquq, siyasət, sosial, mədəniyyət və psixoloji baxımdan çox önəmli hadisə olduğunu bildirmişdir. İkinci “Kıbrıs Türk Milli Mücadelesi ve bu Mücadelede TMT-nin Yeri” adlı beynəlxalq sempozyumunun baş katibi İsmayıl Bozkurt isə TMT-nin əsl həqiqətlərini və milli mücadilə illərini akademik səviyyədə müzakirə etmək və bu müzakirələrdən əldə edilən nəticələrin kitab şəklində dərc edilməsinin çox önəmli olduğunu bildirdi. İsmayıl Bozkurt bəzi illərdə TMT-nin “terror təşkilatı” və ya “qatillər təşkilatı” kimi qələmə verildiyini bildirmiş, bugün isə bütün həqiqətlərin ortaya çıxdığını və bu təşkilatın türklərin azadlığı uğrunda mücadilə aparan bir qurum olduğunu söyləmişdir.
Sempozyumda iştirak etmək üçün Kipr Türk Mücahidlər Dərnəyi tərəfindən dəvət aldığını söyləyən fəlsəfə doktoru Əhməd Şahidov da Noyabrın əvvəllərində ŞKTC-nin paytaxtı Lefkoşaya səfər edəcəyini bildirdi. Adətən türkçülük mövzularında maraqlı məqalələrlə çıxış edən gənc alimimiz bu sempozyumda Kiprin azadlığı uğrunda şücaət göstərmiş qəhrəman general Kenan Çoygun barədə danışacaq: “Kiprdə keçiriləcək bu sempozyuma dəvət alanda çox sevindim. Çünki, Türk dünyasının ayrılmaz hissəsi olan Kiprin azad olunması uğrunda biz türklər çox qanlar tökmüşük. Və bu qanların bəhrəsidir ki, bugün bütün dünya Türklərin qarşısından qaçır. Bizim babalarımız çox böyük qəhrəmanlıqlar göstəriblər və biz də bugün onların əməllərini yaşatmalıyıq. Kuzey Kıbrısın müstəqilliyə qovuşmasında əziyyət çəkmiş insanlar barədə günlərlə danışmaq olar, lakin mən Noyabrın əvvəllərində keçiriləcək həmin sempozyumda qəhrəmanlığı qarşısında baş əydiyim Kenan Çoygun barədə danışacam.”
Fəlsəfə doktoru Əhməd Şahidovun sözlərinə görə, Kenan Çoygunu anlatmaq üçün ilk öncə gərək Kipr tarixinə nəzər salmaq lazımdır. 1 Aprel 1955-ci ildə Kiprdə yunanların yaratdığı “EOKA” adlı təhdid təşkilatı Türk kəndlərini yandırıb yaxmağa, Türklərə hücumlar etməyə başlamışdı: “Bu təşkilata qarşı türk millətinin müdafiəsini həyata keçirəcək bir təşkilatlanmanın zərurətini duyan Kipr türkləri əvvəlcə müxtəlif müqavimət qrupları yaratdı. Bunlar arasında ən güclüsü Volkan idi. Lakin bu dağınıq, kiçik və təlimsiz qrupların əsgəri bir gücə malik EOKA-ya qarşı mübarizə aparması mümkünsüz idi. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Burhan Nalbantoğlu, Rauf Denktaş və Kemal Tanrısevdi tərəfindən 27 Sentyabr 1957-ci ildə Lefkoşada qurulan Türk Müqavimət Təşkilatı (TMT) dağınıq şəkildə fəaliyyət göstərən kiçik müqavimət qruplarını birləşdirərək, bütün adanı əhatə edən, hər bir Türk kəndinə nəzarət edə biləcək güclü bir təşkilat halına gəldi. Kiprlilərin “Kenan Paşa”sı adlandırılan Kenan Çoyğun qanlı 1962-ci il hadisələrinin başlanmasından qısa müddət öncə adaya gəlmiş və 1967-ci ilə qədər bu təşkilatın əfsanəvi komandanlığını həyata keçirmişdir. Hər kəs onu “Bozqurd” deyə tanıyardı. TMT-nin əsl lideriydi.”
Kiprin yunanlardan təmizlənməsində və müstəqillik əldə etməsində general Kenan Çoyğunun çox önəmli rola malik olduğunu diqqətə çatdıran Əhməd Şahidovun sözlərinə görə, Kenan Çoyğun təkcə Kipr türklərinin mübarizə simvolu deyil, eyni zamanda 1963-cü ilin qanlı Kiprində türkləri ayaqda tutan, müdafiə edən, sabahlara qovuşduran bir gücün, inancın yumruq tək təcəssümü idi: “Yoxdan bir ordu yaratmaq, qırıq-sökük radiolarla xalqa ilham vermək, 150 nəfərlik kənddən çıxan 5 mücahid və 5 qırıq piyada tüfəngi ilə o torpaqları 11 il müdafiə etmək… Bunu ancaq Kenan Paşa bacara bilərdi və bacardı da…”
Qeyd edək ki, 1-4 Noyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin müxtəlif şəhərlərində keçiriləcək İkinci “Kıbrıs Türk Milli Mücadelesi ve bu Mücadelede TMT-nin Yeri” adlı beynəlxalq sempozyumda türkdilli ölkələrdən, habelə Azərbaycandan tanınmış ictimai-siyasi xadimlər və millət vəkilləri də iştirak edəcəklər.