ƏDƏBİYYATDA BREND MƏSƏLƏSİ

Şair Coşğun Cəfər: “Müğənnilər brend ola bilər, yazar niyə olmasın ki…”
Yazar Alpay Azər: “Brend statusu bəzi yazıçıların başını gicəlləndirə bilər”
Şair Əhməd Şahidov: “Brend yazarlar cəmiyyətdə işıqfor rolunu oynamaqdadır”
Hər bir yazarın ortaya qoyduğu yazı o vaxt ədəbiyyat olur ki, ictimai mühitdən götürülən mövzu və baxışlar müəllifin təsəvvüründə ümumiləşdirilir. Hər hansı bir obrazın arxasında hamının tanıdığı konkret fərd dayanırsa, bu, heç bir halda ədəbi nümunə kimi ictimai əhəmiyyət kəsb etmir – həmin fərdin ictimai önəm daşımasının mətləbə heç bir dəxli yoxdur. İctimai dəyəri olan şəxslərdən yazılan hər hansı yazı, ən yaxşı halda, portret-oçerk ola bilər.
Publisistik yazılarından tanıdığım istedadlı yazarlarımızın böyük əksəriyyəti nəinki konkret şəxsləri ədəbi obraz kimi təqdim edirlər, hətta “obrazları” ictimai fərdlərin adıyla adlandırırlar. Avtobioqrafik çalarlarla qələmə alınan bu əsərlərdə obrazlar mövzu açımı və süjetin inkişafına, yazarın ətraf mühitdən aldığın təəssüratı təqdim etməyə deyil, tamamilə özəl dəyər daşımaqla mövzudan yayınmağa xidmət edir. Şəxsin öz adıyla əsərə niyə gətirildiyi, müəllifin bununla hansı fəlsəfi-sosioloji mətləbi ifadə etdiyi və bunun əsərin süjetinə, qayəsinə, məzmununa nə dərəcədə dəxli olduğu bilinmir.
Yeni yazarların yaratdıqları obrazların arasında bircə mükəmməl obraz müşahidə etmək olmur. Əsərin “roman” adlanmasını şərtləndirən səbəblər var. Əgər bir və ya bir neçə tam, ümumiləşdirilmiş obraz və tip yoxdursa, süjetlərin bir-biriylə nəinki dərin, mətnaltı qatlarda, hətta üzdə belə üzvü bağlılığı mövcud deyilsə, hansı romandan söhbət gedə bilər? Sistemsiz, əlaqəsiz süjetlərin və natamam obrazların cəmləşdiyi “irihəcmli” publisistik qeyd və portretlər nə vaxtdan roman və ya povest adlanır?
Əgər bu qabiliyyətli gənclik elə düşünürsə ki, kitabın səhifəsini 150-yə çatdırmaq onun roman adlanması üçün kifayətdir, səhv fikirləşir; əgər çağdaş ədəbi mühitin və postmodern ədəbiyyatın məhz bu cür olduğunu isbatlamağa girişirlərsə, yenə yanlış yapırlar; əgər jarqon, arqo və tabuların ədəbi dilə gəlməsini inqilabi yenilik kimi təqdim etməyə cəhd göstərirlərsə, ədəbiyyat yenə də bu deyil. Hər hansı bir obrazın psixoloji durumunu anlatmaq və ya hansısa alt cəmiyyət mənsubunu onun nitqində ortaya qoymaq istəyirlərsə, problem yoxdur. Ancaq əsərin başdan-başa söyüş və küçə əxlaqlı bənzətmələrlə “bəzədilməsi” ən yaxşı halda müəllifin dilinin incəliklərini bilməməsinin əlaməti sayılır.
Vəziyyət o həddə çatıb ki, ədəbi gəncliyin istedadlı isimləri kimi qəbul etdiyimiz bəzi yazarların əsərlərində belə süjetin nə məntiqi ardıcıllığı var, nə də ümumiləşmə. “Ümumiləşmiş obraz” deyəndə elə başa düşürlər ki, guya qəhrəman seçilən hansısa bir şəxsi təsvir edərkən ümumi tipaj yaratmaq əvəzinə, ümumiləşdirici sözlərdən istifadə olunur. Halbuki bu ümumiləşdirici sözlərdən istifadə özü ədəbiyyatdan xəbərsizliyin əlamətidir. Obraz elə yaradılmalıdır ki, oxucu onun ümumiləşdirilmiş tip olduğunu hiss etsin, görsün və s.
Bütün natamamlıqları “postmodern” adlı ədəbi cərəyanın üstünə yıxmaqla özünə bəraət qazandırmaq isə çox uğursuz cəhddir. Dünya ədəbiyyatının misilsiz nümunələr yaradıb da artıq arxada qoyduğu bir ədəbi cərəyanı öz məqsədi üçün yeri gəldi-gəlmədi sui-istifadə etmək, bu ədəbi istilahın geniş auditoriyada yayılmamasından yararlanmağın ömrü isə uzun deyil. Hətta bir yazarın ədəbi ömründən daha qısadır.
Amma yenə də ümid edək ki, ədəbi gənclik ayrı-ayrı ədəbi orqanlarda yazdıqları portret oçerklər, səyahətlər, ictimai-publisist qeydlərini bir yerə yığıb “postmodern roman” adıyla təqdim etməkdən özləri bezəcəklər və nəhayət, Azərbaycan oxucusuna ədəbi nümunə, özlərinə ədəbi dünya qura biləcəklər. Çünki ədəbi gənclik içərisində belə potensialı olan gənclər var və onların sayı az deyil… Bəs bizim yazarlar yazarın brend olmasına necə baxırlar? Ədəbiyyatda brend olmaq yazarın həyatında nələri dəyişə bilər? Və onun cəmiyyətin aktivliyinə təsiri nə qədər ola bilər? Bu suallarla yazarlarımıza müraciət etdik.
Şair Coşğun Cəfər hesab edir ki, yazarın brend olması normal bir haldır: “Amma söhbət ciddi və səviyyəli yazardan gedir. Ciddi və səviyyəli yazar deməkdə məqsədim yalnız onun əsərlərinin ciddiliyindən getmir. Həm də onun bir şəxsiyyət, fərd kimi ciddi bir fiqur olmasından gedir. Belə bir yazar brend olaraq cəmiyyətdə öz müsbət təsirlərini qoyacaqdır. Beləliklə ciddi və səviyyəli yazarln brend olması ilə cəmiyyət kimə inanıb kimə inanmamasını, kimi dinləyib, kimi dinləməməsini müəyyən etmiş olacaq. Səviyyəsiz müğənnilər brend ola bilər, yazar niyə olmasın ki… Normal bir şeydir”…
Yazar Yusif Məhəmmədoğlu ümumiyyətlə brend sözüni heç cür qəbul edə bilmir: “Ədəbiyyatda brend olması fikrinə isə çox mənfi münasibətim var. Düzdür, bu gün, bu bir həqiqətdir ki, kimlərsə kimlərisə özləri üçün brend eləyir. Ədəbiyyatda qalmaq məsələsi olsaydı, başqa münasibət bildirərdim. Brend olandan sonra onun həyatında müəyyən dəyişikliklər olacaq. Bu təbiidir, istəsə də, istəməsə də. İnsanın özündə asılı olan bir şeydir ki, o özünü cəmiyyətə necə təqdim edəcək və cəmiyyət onu necə qəbul edəcək”.
Yazar Alpay Azər yazarın brend olmasına normal baxır: “Yəni yaxşı yazıçının brend olması təbii haldır. Məsələn, Paulo Koleya və ya alman Bernxard Şlunkin brend olması normaldır. Brend statusu bəzi yazıçıların başını gicəlləndirə bilər və onlar qürub dövrünə qədəm qoya bilərlər. Ona görə bu tipli yazıçılar özlərinə qarşı daha həssas olurlar. Qaldı ki, cəmiyyətdə brend yazıçının roluna, təbii ki, bu həmin yazıçının özündən asılıdır. Amma Mario Varqas Lyosa və ya digər Nobel laureatı Çin yazıçısı Qao Sin Tszyan bir demokrat kimi vətəndaş mövqeyindən çıxış edirlər”.
Şair Əhməd Şahidov brend olmağın yazara həm xeyir verdiyini, həm də ziyan olduğunu deyir: “Xeyirdir ona görə ki, bu statusu qazandıqdan sonra yazarın bütün əsərləri alınır və oxunur. Lakin bununla yazarın faydalı iş əmsalı aşağı düşə bilər. Məsələn, Çingiz Abdullayevi bütün dünyada tanıyırlar, onun əsərlərini oxuyurlar, amma yazarın son əsərlərini gözdən keçirdikdə şahidi oluruq ki, Çingiz Abdullayevin son kitabları təkrar ssenarilər üzərində qurulub. Bu, artıq brend yazarlarda ulduz xəstəliyinə səbəb olur. Ayda bir və ya iki kitab çıxartmağa alışan brend yazar artıq tələsik şəkildə təkrar mövzulara müraciət edir və nəticədə həmin yazarların bir zamanlar qələmə aldığı əsərlər həmin keyfiyyətdə və orijinallıqda təkrarlana bilmir. Yazarı yenə də oxuyurlar, amma həmin keyfiyyət və məhsuldarlıq özünü göstərə bilmir. Sanki yazar əvvəlcə brend üçün çalışır, nüfuz qazandıqdan sonra isə brend yazarın özü üçün işləyir. Ümumiyyətlə, brend yazarların cəmiyyətdə olması əslində yaxşı haldır. Ən azından cəmiyyətdə hansısa mütləq dəyərlərin və keyfiyyət etalonlarının mövcudluğunu zəruri edir. Yəni ədəbiyyata gələn gənclər ən azından başlarını qaldırıb brend yazarların üslubuna, yazdıqları mövzulara baxıb özləri üçün istiqamət müəyyən edə bilərlər. Brend yazarlar cəmiyyətdə işıqfor rolunu oynamaqdadır. Ədəbiyyatda yolunu azmış adamlar, nədən və necə yazmağı bilməyənlər heç şübhəsiz ki, cəmiyyətdə brend sayılan şəxslərin qələminə baxıb özləri də nələrsə yazmağa başlayacaqlar. Məncə, cəmiyyətdə brend yazarlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Amma bu sahədə də monopoliyaya yol vermək olmaz”.
Tərcüməçi Günel Əhmədova yazarın imzasının brendə çevrilməsinə əslində heç də pis baxmaq lazım olmadığını deyir: “Təbii ki, yazar cəmiyyətə yaxşı mesajlar verə bilirsə, bunu alqışlamaq lazımdır. İstənilən halda, yazar cəmiyyətin güzgüsü olmalıdır, bu güzgü bütün eybəcərliklərlə yanaşı, müsbət şeyləri də əks etdirə bilməlidir. Brend olduqda onda cəmiyyət həmin mesajları tez qəbul edir. Birinci yazar öz imzasını brendə çevirmək üçün çalışır, sonra zamanı gələndə imza ona xidmət etməyə başlayır. Həyatının maddi tərəflərini həll edir, əgər yazar dövründən da əsl yazardısa heç bir halda imzasının brendə çevrilməsi onu mənfiyə doğru dəyişməz. Amma imzası brend olmayan yazarlar da olur ki, öz dövründə xoş qarşılanmırlar, qəbul edilmirlər, amma başqa nəsillər üçün böyük irs qoyub gedirlər. Əslində, yazarı imzasına görə dəyərləndirmək vacib amil deyil”.

Oktay Hacımusalı
“Xalq Cəbhəsi” qəzeti

Bu yazını Facebookda şərh et