Hörmüz böhranı: beynəlxalq hüquq nə deyir? – Əhməd Şahidov Vaşinqtondan şərh edir


Hörmüz boğazında gərgin vəziyyət davam edir. Dünyanın ən mühüm enerji və gəmiçilik marşrutlarından biri olan boğazdan kommersiya gəmilərinin keçidi kəskin azalıb. Mövcud vəziyyət qlobal enerji bazarında ciddi narahatlıq yaradıb və Hörmüz boğazının mümkün qədər qısa müddətdə təhlükəsiz gəmiçiliyə açılması məsələsini aktuallaşdırıb.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidovun sözlərinə görə, Hörmüz boğazının hərbi yolla açılması perspektivi aşağıdır. O bildirib ki, boğazın statusu ilə bağlı həm İranın onu birtərəfli şəkildə öz ərazisi kimi təqdim etməsi, həm də ABŞ-ın Hörmüz üzərində ərazi iddiası irəli sürməsi beynəlxalq hüququn norma və prinsipləri ilə uzlaşmır. Əhməd Şahidovun fikrincə, əsas məsələ boğaz üzərində kimin siyasi üstünlük qazanması deyil, beynəlxalq gəmiçiliyin təhlükəsiz və fasiləsiz şəkildə bərpa olunmasıdır.

Əhməd Şahidov hesab edir ki, Hörmüz böhranının mümkün qədər bir ay ərzində diplomatik yolla həll edilməsi həm regionun, həm də dünya enerji bazarının maraqlarına uyğundur. Onun sözlərinə görə, Azərbaycan da bu prosesdə diplomatik həllin təşviqində maraqlı olmalı, regional sabitliyin qorunmasına və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasına töhfə verməlidir. Əhməd Şahidov vurğulayıb ki, Hörmüz ətrafında uzunmüddətli hərbi qarşıdurma nə İranın, nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir.