Avropa İttifaqının Ermənistanda mülki missiyası sülh prosesinə kölgə salır – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən monitorinq missiyasının mandatının genişləndirilməsi və missiyanın gələcək fəaliyyəti regionda təhlükəsizlik və sülh prosesi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqların davam etdiyi bir vaxtda missiyanın səlahiyyətlərinin artırılması müxtəlif ekspertlər tərəfindən fərqli qiymətləndirilir.

Mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh şəraiti mövcuddur və dövlət sərhədində hər hansı ciddi insident yaşanmır. Onun sözlərinə görə, belə bir şəraitdə Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən monitorinq missiyasının mandatının genişləndirilməsinə ehtiyac yoxdur. Əhməd Şahidovun fikrincə, bu addım iki ölkə arasında davam edən sülh prosesinə müəyyən mənada kölgə sala bilər.

Əhməd Şahidov qeyd edib ki, bununla yanaşı, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının fəaliyyətini birbaşa Azərbaycana qarşı yönəlmiş addım kimi qiymətləndirmir. Onun fikrincə, bu missiya daha çox Avropa İttifaqının Ermənistanın sərhəd təhlükəsizliyinə dəstəyi və İrəvanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığını azaltmağa hesablanmış siyasi mesajıdır. Siyasi şərhçi əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşması da birbaşa Azərbaycan-Ermənistan sülh prosesinin uğurla başa çatmasından və yekun sülh sazişinin imzalanmasından asılıdır.