Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, əgər Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququ bərpa olunmasa, ölkənin Avropa Şurasından çıxması məsələsi gündəmə gələ bilər. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Avropa Şurasından tamamilə çıxacağı təqdirdə ölkə daxilində ciddi dəyişiklik baş verməyəcək. Prezident bu fikirləri ilə son illər AŞPA-da Azərbaycana qarşı nümayiş etdirilən qərəzli münasibətə və ikili standartlara siyasi qiymət verib.
Hüquq müdafiəçisi Əhməd Şahidov Real Televiziyasına açıqlamasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin haqlı, yerində və zamanında verilmiş mesaj olduğunu bildirib. Onun sözlərinə görə, AŞPA uzun illərdir Azərbaycana münasibətdə selektiv və qərəzli yanaşma nümayiş etdirir. Ə. Şahidov qeyd edib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri Ermənistanın işğal siyasətini, torpaqların işğal altında saxlanılmasını və bir milyona yaxın qaçqın və məcburi köçkünün problemini bu platformada gündəmə gətirmək, Ermənistana qarşı konkret siyasi qərarların və sanksiyaların qəbuluna nail olmaq idi. Lakin bu gözləntilər özünü doğrultmadı və əvəzində AŞPA-da daha çox demokratiya və insan hüquqları mövzuları qabardılaraq Azərbaycan əleyhinə dinləmələr, müzakirələr və qətnamələr təşkil olundu.
Əhməd Şahidov bildirib ki, bütün bunlar AŞPA-da ikili standartların və selektiv yanaşmanın hələ də mövcud olduğunu göstərir. Bununla yanaşı, hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan beynəlxalq platformalardan uzaqlaşmaq əvəzinə həmin tribunada milli maraqlarını daha fəal müdafiə etməli, ölkəyə qarşı qərəzli mövqe sərgiləyən dairələrə qarşı siyasi və diplomatik mübarizəni məhz AŞPA daxilində davam etdirməlidir. Onun fikrincə, Azərbaycanın beynəlxalq təşkilatlardakı iştirakı ölkənin haqq səsini dünyaya çatdırmaq və milli maraqlarını müdafiə etmək baxımından mühüm əhəmiyyət daşıyır.


