ABŞ və İran arasında son günlər yenidən artan hərbi gərginlik Yaxın Şərqdə vəziyyəti bir daha diqqət mərkəzinə gətirib. Tərəflərin qarşılıqlı hərbi əməliyyatları fonunda bölgədə eskalasiyanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı müzakirə olunsa da, diplomatik təmasların davam etməsi böhranın gələcək inkişafı ilə bağlı müxtəlif qiymətləndirmələrə səbəb olur.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına açıqlamasında bildirib ki, ABŞ və İran arasında yaşanan qarşıdurmanın uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı azdır. Əhməd Şahidovun sözlərinə görə, baş verənlər daha çox tərəflərin danışıqlar masasında bir-birinə təzyiq göstərmək cəhdidir.
Əhməd Şahidov qeyd edib ki, ABŞ ordusunun hərbi əməliyyatları yenidən bərpa etməsi Vaşinqtonun İrana qarşı təzyiq siyasətinin tərkib hissəsidir. Onun fikrincə, bu addımlar hərbi eskalasiyadan daha çox siyasi mesaj xarakteri daşıyır.
Siyasi şərhçi vurğulayıb ki, prosesdə İsrail amili də mühüm rol oynayır. Əhməd Şahidovun sözlərinə görə, İsrailin təhlükəsizliyi məsələsi ABŞ ilə İran arasında aparılan sülh danışıqlarının gedişinə birbaşa təsir göstərir. O bildirib ki, son hadisələr fonunda Vaşinqton və Tehran arasında sülh sazişinin imzalanması perspektivi getdikcə zəifləyir.




