“NATO Ankara Zirvəsi Türkiyənin qlobal təhlükəsizlik arxitekturasındakı rolunu daha da gücləndirdi” – Əhməd Şahidov Real Televiziyasına danışıb

NATO-nun Ankarada keçirilən Zirvə Toplantısı alyansın son illərdə baş tutan ən mühüm siyasi və təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Zirvə çərçivəsində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları qlobal və regional təhlükəsizlik gündəliyini müzakirə ediblər. Görüşün əsas mövzuları Ukrayna-Rusiya müharibəsi, NATO-nun kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, hərbi sənaye əməkdaşlığının genişləndirilməsi, eləcə də Yaxın Şərqdə və Qara dəniz regionunda təhlükəsizlik vəziyyəti olub. Sammitdə həmçinin alyansın qarşıdakı illər üçün strateji hədəfləri və üzv ölkələr arasında müdafiə sahəsində koordinasiyanın daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində yer alıb.

Mövzu ilə bağlı siyasi şərhçi, hüquq müdafiəçisi Əhməd Şahidov Real Televiziyasının canlı yayımında çıxış edərək bildirib ki, Ankara Zirvəsi NATO-nun yeni təhlükəsizlik strategiyasının formalaşmasında mühüm mərhələdir. Onun sözlərinə görə, sammit eyni zamanda Türkiyənin həm siyasi arenada, həm də hərbi sənaye sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə bir daha təsdiqlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əhməd Şahidov vurğulayıb ki, son illərdə pilotsuz uçuş aparatları, müdafiə texnologiyaları və yerli hərbi sənaye sahəsində qazandığı uğurlar Türkiyəni NATO daxilində daha strateji mövqeyə yüksəldib və Ankara artıq alyansın təhlükəsizlik siyasətinin formalaşdırılmasında aparıcı aktorlardan biri kimi çıxış edir.

Əhməd Şahidov qeyd edib ki, sammitdə NATO-nun əsas prioritetləri sırasında kollektiv müdafiə imkanlarının genişləndirilməsi, üzv ölkələrin müdafiə xərclərinin artırılması, hərbi sənaye potensialının gücləndirilməsi, Rusiyadan qaynaqlanan təhlükələrə qarşı koordinasiyanın artırılması və Ukraynaya dəstəyin davam etdirilməsi yer alır. Əhməd Şahidovun fikrincə, Ankara Zirvəsi yalnız qəbul olunan qərarlarla deyil, həm də Türkiyənin qlobal təhlükəsizlik arxitekturasındakı artan rolunu nümayiş etdirməsi ilə yadda qalacaq və qarşıdakı illərdə NATO-nun siyasi və hərbi fəaliyyət istiqamətlərinə mühüm təsir göstərəcək.