“Rusiyanın Ukraynada enerji obyektlərini hədəfə alması təsadüfi deyil” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları ilə zərbə endirməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Hücum nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib, lakin əməkdaşların hava həyəcanı zamanı sığınacaqda olmaları səbəbindən xəsarət alan olmayıb. Hadisəni şərh edən siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, bu hücumu Azərbaycana ünvanlanmış xüsusi siyasi mesaj kimi qiymətləndirmək doğru deyil.

Əhməd Şahidovun sözlərinə görə, müharibə şəraitində yanacaq infrastrukturu strateji hərbi əhəmiyyət daşıyır və bu səbəbdən yanacaqdoldurma məntəqələri, yanacaq bazaları, fabrik və anbarların hədəfə alınması hərbi taktikanın tərkib hissəsi hesab olunur. O qeyd edib ki, ön cəbhədə döyüşən hərbi texnikanın, ağır artilleriyanın və digər hərbi kontingentin fəaliyyətini təmin etmək üçün yanacaq əsas resurslardan biridir. Buna görə də arxa cəbhədə yerləşən yanacaq obyektlərinə zərbələr müharibənin gedişində tez-tez müşahidə olunan taktiki addımlardandır.

Hüquq müdafiəçisi kimi məsələyə hüquqi aspektdən də toxunan Əhməd Şahidov vurğulayıb ki, mülki infrastruktura edilən bu cür hücumlar beynəlxalq humanitar hüququn, müharibə qanunlarının və beynəlxalq konvensiyaların tələblərinə ziddir. Onun sözlərinə görə, silahlı münaqişələr zamanı mülki obyektlərin qorunması beynəlxalq hüququn əsas prinsiplərindən biridir və belə hücumlar ciddi hüquqi məsuliyyət yaradır.

Azərbaycan-Rusiya münasibətləri kontekstində danışan Əhməd Şahidov xatırladıb ki, bu, SOCAR obyektlərinə qarşı ilk hücum deyil. O qeyd edib ki, ötən il Jitomir vilayətində də SOCAR-ın yanacaqdoldurma məntəqəsi zərər görmüşdü, bundan əvvəl isə Kiyevdə Azərbaycanın səfirliyinin və Azərbaycan Evinin yaxınlığına raket zərbələri endirilmişdi. Şahidov bildirib ki, Rusiya tarixən postsovet məkanında, xüsusilə Cənubi Qafqazda müstəqil və suveren dövlətlərin güclənməsində maraqlı olmayıb. Onun fikrincə, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və Azərbaycan xalqına qarşı törədilmiş digər ağır cinayətlərin arxasında da Kremlin siyasəti dayanır. Əhməd Şahidov əlavə edib ki, Rusiya bu gün də beynəlxalq hüququ və müharibə qanunlarını kobud şəkildə pozan işğalçı siyasət yürüdür.