İranla razılaşma ABŞ və İsrail arasında fikir ayrılığına səbəb olub – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

ABŞ və İran arasında davam edən diplomatik təmaslar Yaxın Şərqdə yeni geosiyasi müzakirələrə səbəb olub. Vaşinqtonun Tehranla mümkün razılaşmaya üstünlük verməsi İsrailin mövqeyi ilə üst-üstə düşmür və bu, iki strateji müttəfiq arasında İran məsələsində fikir ayrılığının dərinləşdiyini göstərir.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, ABŞ üçün İranla qarşıdurmanın davam etməsi artıq siyasi və iqtisadi baxımdan sərfəli deyil. Onun sözlərinə görə, Vaşinqton Tehranla sülh razılaşmasına nail olmaq istəyir. Lakin İsrail hesab edir ki, İranla razılaşma əldə olunacağı və sanksiyalar aradan qaldırılacağı təqdirdə İran iqtisadi cəhətdən güclənəcək, hərbi potensialını artıracaq və regiondakı proksi qüvvələrə dəstəyini genişləndirəcək. Bu səbəbdən Təl-Əviv İran üzərində təzyiq siyasətinin davam etdirilməsinin tərəfdarıdır.

Əhməd Şahidov qeyd edib ki, Baş nazir Benjamin Netanyahunun İsrailin gələcəkdə ABŞ-ın maliyyə yardımından imtina edə biləcəyi ilə bağlı açıqlaması daha çox siyasi mesaj xarakteri daşıyır. Onun fikrincə, ABŞ və İsrail arasında strateji əməkdaşlıq elə bir səviyyədədir ki, Vaşinqtonun hərbi, siyasi və diplomatik dəstəyi olmadan İsrailin regiondakı təhlükəsizlik çağırışlarını təkbaşına qarşılaması olduqca çətin görünür.