Ukrayna-Rusiya müharibəsində hərbi əməliyyatların intensivliyi artmaqda davam edir. Tərəflərin qarşılıqlı hücumları, Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbələri və Kiyevin Rusiya ərazisində hərbi hədəflərə qarşı əməliyyatları fonunda münaqişənin yeni mərhələyə keçdiyi müşahidə olunur. Son günlər Belarus istiqamətində artan gərginlik isə müharibənin coğrafiyasının genişlənə biləcəyi ilə bağlı narahatlıqları daha da gücləndirib.
Mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, hazırda Belarus cəbhəsində də gərginlik sürətlə artır və Belarus-Ukrayna qarşıdurması ehtimalı artıq beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Onun sözlərinə görə, Ukrayna artıq təkcə özünü müdafiə edən tərəf deyil, eyni zamanda Rusiyanın hərbi infrastrukturunu hədəf alan və təşəbbüsü ələ almağa çalışan ölkə kimi çıxış edir. Siyasi şərhçi hesab edir ki, bu amillər müharibənin yeni coğrafiyaya yayılması riskini artırır.
Əhməd Şahidov qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar indiyədək real nəticə verməyib. Onun fikrincə, Ukrayna ilə Rusiya arasında dialoq perspektivləri olduqca aşağı olaraq qalır və münaqişənin həlli yalnız vasitəçilər vasitəsilə deyil, tərəflərin birbaşa siyasi dialoqu və birbaşa görüşləri nəticəsində mümkün ola bilər. Siyasi şərhçi əlavə edib ki, Vaşinqton üçün Ukrayna-Rusiya müharibəsi artıq əvvəlki prioritet statusunu itirib və ABŞ-ın diqqətinin digər qlobal çağırışlara yönəlməsi də sülh prosesinin irəliləməsini çətinləşdirən əsas amillərdən biridir.




