Yaxın Şərqdə ABŞ–İran münasibətlərində artan gərginlik, İsrailin regiondakı hərbi əməliyyatları və Livan istiqamətində davam edən qarşıdurmalar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Diplomatik təmaslar davam etsə də, real razılaşmanın əldə olunmaması bölgədə yeni hərbi eskalasiya riskini artırır və regionu “nə sülh, nə də tam müharibə” mərhələsində saxlayır.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, hazırda Yaxın Şərq klassik diplomatik böhran deyil, həm hərbi qarşıdurma, həm də paralel danışıqlar mərhələsini yaşayır: “ABŞ İranın nüvə proqramı və regional təsir imkanlarını məhdudlaşdırmağa çalışır, Tehran isə sanksiyaların aradan qaldırılmasını və təhlükəsizlik zəmanəti tələb edir. Danışıqlar formal olaraq davam etsə də, tərəflər arasında ciddi etimad yoxdur və bu səbəbdən hərbi risklər yüksək olaraq qalır. Bu gün region nə tam sülhə yaxınlaşır, nə də açıq müharibədən uzaqlaşa bilir.”
Əhməd Şahidov vurğulayıb ki, İran xarici işlər naziri Abbas Araqçinin Rusiyaya səfəri və Vladimir Putin ilə görüşü Moskvanın prosesdə rolunu daha da ön plana çıxarıb: “Rusiya burada tam neytral vasitəçi deyil, daha çox İranın maraqlarına yaxın mövqe tutur. Eyni zamanda İsrail–Livan xəttində Hizbullah faktorunun aktiv qalması göstərir ki, region istənilən an daha genişmiqyaslı müharibəyə sürüklənə bilər. Bu isə artıq təkcə Yaxın Şərqin deyil, qlobal təhlükəsizliyin məsələsinə çevrilib.”



