Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda İsrailə qarşı fəaliyyət göstərən proksi silahlı qruplar – Livandakı Hizbullah, Yəməndəki Husilər və Fələstin ərazisindəki Həmas – regionda təhlükəsizlik balansını ciddi şəkildə dəyişdirən əsas faktor kimi çıxış edir. Bu qüvvələr müxtəlif coğrafiyalarda fəaliyyət göstərsə də, onların İsrailə qarşı koordinasiyalı və çoxşaxəli təzyiq mexanizmləri Yaxın Şərqdə münaqişənin genişlənməsi riskini artırır.
ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu qüvvələr raket və pilotsuz uçuş aparatları ilə hücumlar, sərhəd boyunca təxribatlar və dəniz marşrutlarına müdaxilə kimi müxtəlif üsullardan istifadə edərək İsrail üçün çoxcəbhəli təhlükə yaradır: “Xüsusilə Hizbullahın Livan sərhədində yerləşməsi və geniş silah arsenalı İsrail üçün ən ciddi hərbi riskdir, husilər isə Qırmızı dəniz istiqamətində beynəlxalq ticarətə təsir etməklə dolayı təzyiq mexanizmi formalaşdırır. Həmas isə daha çox asimmetrik taktika ilə İsrailin cənubunda gərginliyi davamlı saxlayır”.
Əhməd Şahidov qeyd edib ki, bu qruplar İranla əlaqəli olsa da, tam şəkildə Tehranın nəzarətində deyil və öz ideoloji xəttinə əsasən fəaliyyət göstərir: “ABŞ ilə İran arasında mümkün razılaşma belə, bu qüvvələrin fəaliyyətini tam dayandırmayacaq. Onlar yenə də İsraili təhdid etməyə davam edəcəklər. Eyni zamanda ABŞ və İsrail heç bir halda bu proksi qüvvələrlə birbaşa danışıqlara getməyəcək, çünki bu, onları legitim siyasi aktor kimi tanımaq anlamına gələr və bu da Qərbin strateji yanaşmasına ziddir”.


