İslamabadda ABŞ və İran arasında baş tutan birbaşa danışıqlar konkret nəticə verməsə də, tərəflər arasında təmasların qurulması regionda diqqətlə izlənilir. Hazırda Yaxın Şərqdə nisbi sakitlik müşahidə olunsa da, rəsmi atəşkəs elan olunmayıb və tərəflər arasında yalnız passiv pauza mövcuddur. Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət qlobal enerji təhlükəsizliyi baxımından əsas müzakirə mövzusu olaraq qalır və tərəflərin yaxın zamanda danışıqların növbəti raundunu keçirməsi ehtimal edilir.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasında çıxışı zamanı bildirib ki, İslamabad görüşü nəticəsiz başa çatsa da, bu proses mühüm bir mərhələ kimi qiymətləndirilməlidir: “Ən azından ABŞ və İran arasında birbaşa dialoq baş tutdu və tərəflər bir-birinin qırmızı xətlərini daha aydın şəkildə gördülər”. Onun sözlərinə görə, hazırda əsas gərginlik məhz Hörmüz boğazı üzərində cəmləşib və İranın bu strateji su yolunu nəzarət altına almaq cəhdləri beynəlxalq hüquqla ziddiyyət təşkil edir.
Əhməd Şahidov vurğulayıb ki, ABŞ-ın əsas prioriteti Hörmüz boğazında sərbəst və təhlükəsiz beynəlxalq keçidin təmin olunmasıdır: “İran bu boğazı faktiki olaraq milliləşdirməyə çalışır, lakin bu, beynəlxalq sulardır və heç bir ölkənin nəzarətində ola bilməz”. Ekspert qeyd edib ki, hazırda aktiv hərbi əməliyyatlar getməsə də, bu yalnız müvəqqəti pauzadır və rəsmi atəşkəs yoxdur. Onun fikrincə, həm Vaşinqton, həm də Tehran növbəti danışıqlar üçün imkan saxlayır, lakin tərəflərin maksimalist şərtləri ortaq razılığın əldə olunmasını çətinləşdirir və yaxın vaxtlarda yeni raundun keçirilməsi istisna edilmir.





