REAL Televiziyasının efirində artıq beş gündür davam edən İran-İsrail və ABŞ qarşıdurmasının hərbi-siyasi nəticələri geniş müzakirə olunub. İran ətrafında aktiv döyüş əməliyyatlarının getdiyi, Tehranın Fars körfəzi ölkələrinə raket zərbələri endirdiyi, həmçinin Türkiyə ərazisinə raket düşməsi fonunda regionda gərginliyin yeni mərhələyə keçdiyi vurğulanıb. Proqramda müharibənin genişlənmə ehtimalı, Cənubi Qafqaz üçün risklər və Azərbaycanın balanslı mövqeyi əsas müzakirə mövzuları olub. Siyasi şərhçi Əhməd Şahidov baş verən prosesləri təhlil edib.
Əhməd Şahidov bildirib ki, İran əleyhinə formalaşan koalisiya artıq genişlənmə mərhələsindədir və Fars körfəzi ölkələrinin də Tehrana qarşı əməliyyatlara qoşulması real ssenaridir. Onun sözlərinə görə, bu proses davam edərsə, müharibə daha geniş regional qarşıdurmaya çevrilə və enerji bazarları, beynəlxalq nəqliyyat marşrutları və təhlükəsizlik arxitekturası üçün ciddi nəticələr doğura bilər.
Siyasi şərhçi Türkiyə ərazisinə atılan raketin ciddi geosiyasi nəticələr yarada biləcəyini qeyd edib. Onun fikrincə, bu hadisə rəsmi Ankara tərəfindən birbaşa təhlükə kimi qiymətləndirilərsə, NATO amili gündəmə gələ bilər və NATO üzvü olan bəzi ölkələrin müharibəyə cəlb olunması ehtimalı arta bilər. Bu isə qarşıdurmanın miqyasını daha da böyüdə bilər.
Əhməd Şahidov diqqətə çatdırıb ki, müharibənin davam etməsi və coğrafiyasının genişlənməsi Cənubi Qafqaz üçün humanitar fəlakət riski yaradır. Onun sözlərinə görə, İrandan yüz minlərlə insanın Azərbaycan sərhədinə doğru hərəkət etməsi ehtimalı istisna deyil və belə bir ssenari region ölkələri üçün həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi çağırışlara səbəb ola bilər.
Sonda siyasi şərhçi Azərbaycan ictimaiyyətinə, sosial şəbəkə istifadəçilərinə, media nümayəndələrinə və ekspertlərə müraciət edərək vurğulayıb ki, bu müharibə Azərbaycanın müharibəsi deyil və ölkə tərəfsiz mövqeyini qorumalıdır. O qeyd edib ki, emosional və İran əleyhinə çağırışlar milli maraqlara ziddir, xüsusilə də rəsmi Bakı dəfələrlə öz ərazisindən İrana qarşı hərbi əməliyyatlara heç vaxt icazə vermədiyini bəyan edib. Əhməd Şahidov xəbərdarlıq edib ki, internetdə yayıla biləcək saxta məlumatlar, deepfake foto və videolar Azərbaycanın hədəfə çevrilməsinə səbəb ola bilər və bu həssas mərhələdə cəmiyyət dövlət siyasətinə uyğun, soyuqqanlı və məsuliyyətli davranmalıdır.








