Xameneyinin öldürülməsindən sonra İran cəmiyyəti daha da birləşdi: müharibə uzun sürə bilər – Əhməd Şahidov ARB24 kanalına şərh edir

Yaxın Şərqdə ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar fonunda İranın ali dini lideri Əli Xameneyinin öldürülməsi regionda vəziyyəti daha da gərginləşdirib. Gözləntilərin əksinə olaraq, bu hadisə İranda parçalanma və daxili qarşıdurma yaratmayıb, əksinə, cəmiyyət daxilində həmrəylik və səfərbərlik güclənib. Bunun fonunda İranın cavab raket hücumlarının intensivliyi artıb və münaqişə daha sərt mərhələyə keçib.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasının efirində çıxışı zamanı bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına gələcək mərhələlərdə digər ölkələrin də qoşulması istisna edilmir. Onun sözlərinə görə, Xameneyinin öldürülməsindən sonra İranda daxili zəifləmə gözlənilsə də, baş verənlər bunun tam əksini göstərdi və Tehran hərbi-siyasi baxımdan daha sərt mövqe tutdu.

Əhməd Şahidov qeyd edib ki, İran böyük əraziyə, ciddi hərbi potensiala və regional təsir imkanlarına malik dövlətdir və bu ölkəyə qarşı müharibə ABŞ və İsrail üçün asan olmayacaq. Onun fikrincə, mövcud proseslər münaqişənin qısa müddətdə başa çatmayacağını, əksinə uzunmüddətli və çoxşaxəli müharibə xarakteri alacağını göstərir ki, bu da region və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır.