Yaxın Şərqdə İran ilə İsrail arasında hərbi qarşıdurma artıq açıq müharibə mərhələsinə keçib və əməliyyatlar davam edir. İran ərazisinə endirilən zərbələrə cavab olaraq Tehran da qarşılıq verib və regionda eskalasiya sürətlə dərinləşib. Eyni zamanda İranın strateji əhəmiyyət daşıyan Hörmüz boğazını bağladığını açıqlaması qlobal enerji təhlükəsizliyi baxımından vəziyyəti daha da kritik həddə çatdırıb.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasının efirində çıxışı zamanı bildirib ki, Hörmüz boğazının bağlanması dünya neft ticarətinin mühüm hissəsinin iflic olması deməkdir və bu addım beynəlxalq bazarlarda ciddi qiymət artımına səbəb ola bilər. Onun sözlərinə görə, bu proses artıq təkcə regional təhlükəsizlik məsələsi deyil, qlobal iqtisadi və geosiyasi böhran riskidir. Əhməd Şahidov vurğulayıb ki, böyük güclərin prosesə cəlb olunması ehtimalı münaqişənin coğrafiyasını daha da genişləndirə bilər.
Müsahibədə Azərbaycanın mövqeyi də təhlil edilib. Əhməd Şahidov qeyd edib ki, rəsmi Bakı balanslaşdırılmış və praqmatik siyasət yürütməli, regional sabitliyin qorunmasına yönəlmiş diplomatik xətti davam etdirməlidir. Onun fikrincə, enerji və tranzit layihələrinin təhlükəsizliyi, eləcə də sərhəd və kiber təhlükəsizlik tədbirlərinin gücləndirilməsi hazırkı mərhələdə prioritet istiqamətlərdən biri kimi çıxış edir.




