Rusiya–Azərbaycan gərginliyi və Cənubi Qafqazda sülh prosesi ARB24 Televiziyasında müzakirə olunub


Rusiya–Azərbaycan münasibətlərinin hazırkı mərhələsi, AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı məsuliyyət məsələsi və rəsmi Moskvanın indiyədək üzr istəməməsi, eləcə də Azərbaycan–Ermənistan sülh gündəliyinin hüquqi-siyasi aspektləri regional müzakirələrin əsas istiqamətlərini təşkil edir. Xüsusilə Ermənistan konstitusiyasında mümkün dəyişikliklər və revanşist meyillərin yaratdığı risklər Cənubi Qafqazda sabitliyin gələcəyi baxımından həlledici faktor kimi qiymətləndirilir.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasının efirində çıxışı zamanı bildirib ki, AZAL təyyarəsi ilə bağlı insident yalnız texniki hadisə deyil, eyni zamanda beynəlxalq hüquq və dövlət məsuliyyəti kontekstində qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu məsələdə rəsmi üzrün gecikməsi ikitərəfli münasibətlərdə etimad mühitinə mənfi təsir göstərən amillərdəndir və prosesə hüquqi-siyasi çərçivədə yanaşılmalıdır.

Müsahibədə Azərbaycan–Ermənistan normallaşma prosesi də geniş təhlil edilib. Əhməd Şahidov vurğulayıb ki, davamlı sülhün təmin olunması üçün Ermənistanın əsas qanunvericilik bazasında, xüsusilə konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması vacibdir. O, Prezident İlham Əliyev-in revanşist qüvvələrə yönəlmiş son mesajlarını isə regionda yeni qarşıdurma risklərinin qarşısının alınmasına hesablanmış açıq və strateji xəbərdarlıq kimi dəyərləndirib.