Avropa İttifaqı SEPAH`ı terror siyahısına saldı, İran cavab verdi – Əhməd Şahidov ARB24 kanalına şərh edib


Avropa İttifaqı Şurası İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Aİ-nin terror təşkilatları siyahısına daxil edib. Qərara əsasən, SEPAH Aİ-nin terrorla mübarizə üzrə sanksiyalar rejimi çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq, qurumun üzv dövlətlərdəki maliyyə və iqtisadi resursları dondurulacaq və Aİ operatorlarına ona vəsait ayrılması qadağan ediləcək. Rəsmi məlumatda bildirilir ki, hazırda 13 şəxs, 23 qrup və təşkilat bu siyahı üzrə sanksiyalara tabedir.

İran Xarici İşlər Nazirliyi qərarı qeyri-qanuni adlandıraraq cavab tədbirləri elan edib. Tehran qarşılıqlılıq prinsipinə əsaslandığını bildirərək, Aİ-yə üzv ölkələrin hərbi-dəniz və hərbi-hava qüvvələrini terror təşkilatı kimi tanıdığını açıqlayıb. Bəyanatda qeyd olunub ki, bu addım BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə zidd hesab edilən qərara cavab xarakteri daşıyır.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, SEPAH-ın terror siyahısına salınması gələcəkdə Qərbin İrana qarşı mümkün hərbi əməliyyatları zamanı bu qurumun “qanuni hədəf” kimi qiymətləndirilməsinə zəmin yarada bilər. Onun sözlərinə görə, İranın Aİ ölkələrinin hərbi strukturlarını terror təşkilatı elan etməsi isə daha çox siyasi və simvolik xarakter daşıyır və adekvat cavab vermək məqsədi güdür.