Yaxın Şərqdə artan gərginlik, ABŞ-İran danışıqlarının taleyi və mümkün hərbi eskalasiya ehtimalı regionun təhlükəsizlik gündəmini müəyyənləşdirən əsas faktorlara çevrilib. ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırması, İsrailin sərt bəyanatları və Tehranın nüvə proqramı ətrafında davam edən diplomatik proseslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Mövcud vəziyyətin inkişaf perspektivləri və mümkün ssenarilər müzakirə olunmaqda davam edir.
Siyasi şərhçi Əhməd Şahidov mövzu ilə bağlı ARB24 televiziya kanalına geniş müsahibə verib. O bildirib ki, hazırda ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini cəmləşdirməsi daha çox çəkindirmə xarakteri daşıyır və Vaşinqton diplomatik masada üstün mövqe əldə etməyə çalışır. Əhməd Şahidovun sözlərinə görə, “ABŞ üçün genişmiqyaslı müharibə arzuolunan ssenari deyil, lakin İranın nüvə proqramı ilə bağlı qırmızı xətlər də açıq şəkildə bəyan olunub”.
Əhməd Şahidov İran daxilindəki sosial-siyasi vəziyyətə də toxunaraq qeyd edib ki, iqtisadi çətinliklər və sanksiyalar cəmiyyətdə narazılığı artırır, lakin rejim təhlükəsizlik strukturları vasitəsilə nəzarəti qoruyur. O, vurğulayıb ki, mümkün hərbi toqquşma halında İranın cavabı asimmetrik ola bilər və bu, regionda daha geniş təhlükəsizlik riskləri yarada bilər: “Hazırkı mərhələdə əsas məsələ Cenevrə danışıqlarının nəticəsidir. Diplomatik kanal açıq qaldığı müddətdə böyük müharibə ehtimalı aşağıdır, lakin lokal eskalasiya riski real olaraq qalır.”






